Şrift:
“Urmu gölünün canlandırılması nəzərdə tutulan layihələrin icrasından asılıdır”
02.09.2019 [12:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmu gölündə suyun səviyyəsi artan yağıntılar və sel sularının hesabına müəyyən qədər yüksəlib, lakin gölün əvvəlki vəziyyətə qayıtmaması və tam olaraq canlandırılması üçün lazımi layihələr həyata keçirilməlidir.



“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə Qərbi Azərbaycan Valiliyinin abadlıq işləri üzrə bölümünün icraçı direktoru Peyman Aramun danışıb.



O bildirib ki, cari ildə yağıntıların artması və müəyyən layihələrin həyata keçirilməsi Urmu gölündə vəziyyəti nisbətən yaxşılaşdırıb. Hazırda suyun səviyyəsinin tarazlığı 1271.42 metrə çatıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 santimetr artım deməkdir. Hazırda göldə 3 milyard 800 milyon kubmetr həcmində su var. İlin indiki fəslində göldə suyun bu həcmdə olması yaxşı haldır.



“Urmu gölü ötən onilliyin ortalarından qurumağa başlayıb. Beynəlxalq rəsmi statistik məlumatlara əsasən, 2015-ci ilədək suyun təxminən 80 faizi quyurub. Urmu Gölünün Canlandırma Mərkəzi gölü 10 il ərzində bərpa etməyə çalışır. Hesab eliyirəm ki, nəzərdə tutulan layihələr sürətlə həyata keçməlidir.”- deyə Peyman Aramun bildirib.



Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan üzrə ofisinin rəisi Fərhad Sərxoş isə Urmu gölündə buxarlanma nəticəsində suyun həcminin müəyyən qədər azaldığını deyib, lakin vurğulayıb ki, yağıntılar zamanı suyun səviyyəsi əvvəlki vəziyyətə qayıdacaq.



Fərhad Sərxoş Urmu gölünün bölgənin iqtisadiyyatı üçün də olduqca mühüm olduğunu bildirib. O qeyd edib ki, Urmu gölü bərpa olunarsa, bölgədə turizm sektoruna təkan veriləcək. Təbii ki, bunun üçün sərmayə yatırımçılarına lazımi şərait yaradılmalıdır. Belə olan halda Urmiyənin şor gölü önəmli bir turizm mərkəzinə çevriləcək.



Qeyd edək ki, Urmu gölü son illərdə yağıntıların azalması, gölə axan çayların üzərində bəndlərin tikilməsi, ətraf sulardan düzgün istifadə edilməməsi və s. kimi səbəblərə görə böhran içindədir. İran rejimi böhranı aradan qaldırmaq üçün heç bir addım atmır. Bu il yağıntıların və sel sularının artması nəticəsində göldə suyun səviyyəsi müəyyən qədər yüksəlib.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed