Şrift:
İran parlamentində türklər təhqir olundu – Mərəndin millət vəkili kəskin etiraz bildirdi
02.09.2019 [12:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Mərənd şəhərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad, çıxışında türk millətini təhqir edən Mahşəhr, Ümidiyyə və Hendicanın millət vəkilinə kəskin etiraz bildirib.



Sentyabrın 1-də azərbaycanlı millət vəkili irqçiliyə yol verən Əli Gülmuradiyə xitabət sərt danışıb.



“Cənab Gülmuradi öz çıxışında bir məsələyə işarə etdi. Qeyd etdi ki, əgər cənab Ruhani milli ləyaqəti nəzərə almayaraq xarici qüvvələrin qarşısında geri otursaydı, bu yol bizi Türkistana aparardı. O bu sözlə türkləri vətənini satan və ləyaqətsiz kimi göstərmək istədi.

Cənab Gülmuradi, ola bilsin ki, ədəbiyyat və tarixdən anlamırsınız. Bilin ki, bu sözü Hafiz deyib. Şirazın Cənub-qərbində Kəbə və şimal-şərqin Türkisan olub. Yəni bu məsəl coğrafiya ilə bağlı olub. Hər məsəli hər yerdə çəkməzlər. Çox təəssüflər olsun ki, Teleradio Şirkətində də bu məsəldən istifadə olunur.

Türklər qeyrət simvoludur. Əgər Aşura (Azərbaycan) ordusu olmasaydı, sizin Hendican və Mahşəhrinizin hansı vəziyyətdə olacağı məlum deyildi.

Hələ bizim şəhid Bakirimizin cəsədi körfəz sularındadır. Biz türklər olmasaydıq, bəlli olmazdı ki, indi ruslar bu məmləkəti hansı vəziyyətə salmışdır?!

Bu məsələ bir dəfəlik öz həllini tapmalıdır. Əgər birisi səhv etsə və mən desəm ki, bu yol Loristana gedir, xoşunuza gələrdi?!”- deyə o bildirib.

Mərəndin millət vəkili sözlərinin sonunda irqçi millət vəkilindən üzr istəməsini tələb edib.



Pəhləvi hökuməti və islam cümhuriyyəti dövrlərində türklər sistemli şəkildə təhqirlərə məruz qalır. Türklərin aşağılanmasına rəsmi orqanlar, kütləvi informasiya vasitələri, idman salonları və s. kimi məkanlarda vaxtaşırı şahid oluruq. İrqçilərin bu davranışına qarşı Azərbaycan türklərinin dirəniş və etirazı da günü-gündən artır.
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed