Şrift:
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlanıldı
03.09.2019 [11:30] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-tədqiqat işlərinə və kəşfiyyat qazıntılarının aparılması, orta əsr Azərbaycan şəhərsalma mədəniyyətinin izlərini günümüzə qədər daşıyan Lahıc qəsəbəsində qədim kürəbəndin, yəni, şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin daha dərindən öyrənilməsi işlərinə başlanılması barədə razılıq əldə edilmişdir. İlkin arxeoloji kəşfiyyat işləri — gələcəkdə burada aparılacaq geniş arxeoloji tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsini, tapılan maddi-mədəni irs nümunələrinin tədqiqini, turizm sahəsinin inkişafını və bu qədim Azərbaycan şəhərinin mədəni irsinin təbliğini nəzərdə tutur.
Ekspedisiyasının rəisi t.ü.f.d., arxeoloq Akif Quliyevin rəhbərliyi ilə başlanan və 4 m2 (2x2) ərazini əhatə edən birinci kəşfiyyat qazıntısı, Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində, Ağolu məscidinin (hazırda Lahıc Tarix və Diyarşünaslıq müzeyi) yaxınlığında aparılmışdır. Qazıntı sahəsinin üst qatında son Orta əsrlər dövrünə aid az sayda saxsı fraqmentlərinə rast gəlinmiş, mədəni təbəqənin dərinliyinin 0,40-0,45 m təşkil etdiyi üzə çıxarılmışdır. 8 m2 (2x4) ərazini əhatə edən ikinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində, gələcəkdə inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılmışdır. Məlum olmuşdur ki, vaxtı ilə bu ərazidə yaşayış və yardımçı binalar mövcud idi, amma təsərrüfat işləri nəticəsində sonradan bu ərazidə mədəni təbəqə qarışmışdır. Qazıntı sahəsinin üst qatında Orta əsrlərə aid şirli və şirsiz saxsı fraqmentlərinə və dəmirdən hazırlanmış əşyalara rast gəlindi.
Qeyd olunduğu kimi, təsərrüfat işləri nəticəsində ərazinin üst qatı cənub-şərq hissədə dağılsa da, mədəni təbəqə şimal-qərb hissədə qismən toxunulmaz vəziyyətdə qalmışdır. Qazıntı zamanı kəşfiyyat qazıntı yerinin qərb hissəsində, kəsiyə paralel, uzunluğu 2,2 m olan qaya daşlarından hörülmüş tikili aşkar edildi. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri, arxeoloq Fuad Hüseynov və memar Məhəmməd Nurməmmədovun da yaxından iştirakı ilə tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində, 0,5 m dərinlikdən qədim kanalizasiya xətti, yəni, qədim kürəbənd şəbəkəsinin izləri aşkar edildi. Bu xəttin eni 0,2 m təşkil edir. Kiçik ölçülü bu xətt, cənub istiqamətində uzanaraq, əsas kürəbənd xəttinə birləşir. Kürəbənd xətti, hər tərəfi eyni ölçüdə olan, yastı qaya daşlarından hazırlanmışdır. Xəttin üzəri çirkab suyun və pis qoxunun yer səthinə çıxmasının qarşısının alınması üçün döşəmə daşları ilə kip örtülmüşdü.
Qeyd edək ki, 2013-ci il iyul ayında Ərəgid ərazisində Sahil məhəlləsində ev tikintisi zamanı 7 daş qutu qəbir aşkar edilmişdi. O vaxt əraziyə ezam edilmiş arxeoloq Akif Quliyevin apardığı araşdırmalar nəticəsində bu qəbirlərin İlk Orta Əsrlər (IV-VII əsrlər) dövrünə aid olduğu aydınlaşdı. Digər maraqlı tapıntılar Lahıc orta məktəbinin ərazisində aparılan tikinti işləri zamanı aşkara çıxarılmışdı. Buradan son antik dövrə aid qəbirlər tapıldı. Təqribən 0,5 ha ərazini əhatə edən nekropoldan, 1,5-2,5 m dərinlikdən dəmirdən hazırlanmış nizə və ox ucluqları, qılınc və xəncər qalıqları, əmək alətləri, muncuqlar aşkar edilmişdi.
Növbəti kəşfiyyat işlərinin Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed