Şrift:
Dərbəndin qədim yeraltı hamamları bərpa olunacaq
03.09.2019 [11:35] - Dərbənd
Qədim Dərbəndin XII-XVI əsrlərə aid olan yeraltı hamamları bərpa olunaraq turistlərin ziyarətinə açılacaq. Bu barədə TASS agentliyinə Dərbənd şəhərindəki Muzey-Qoruğun direktoru Əli İbrahimov məlumat verib. Onun sözlərinə görə analoqları Azərbaycanda, İranda və Gürcüstanda da olan bu hamamlardan biri turistlərin istifadəsinə veriləcək. Burada onlar üçün qədim hamam ənənələri yenidən nümayiş etdiriləcək.

Ə.İbrahimov bildirib ki, hazırda bərpa işlərinin layihələşdirilməsi aparılır və ilin sonunda restavrasiya üçün vəsait ayrılması nəzərdə tutulur. Yeraltı hamamlardan biri isə təyinatına görə istifadə olunacaq. Orada müasir hamamlardan fərqli olan qədim yuyunma üsulları tətbiq ediləcək.

Dərbəndin, habelə Azərbaycan və Gürcüstanın qədim hamamları təkcə memarlıq elementlərinə görə deyil, həm də digər özəllikləri ilə fərqlənir. Orta əsrlərdə hamamlar sağlamlıq, istirahət, təmizlik kimi elementləri özündə ehtiva edirdi.

Rusiya ərazisində yerləşən və tarixin müxtəlif dövrlərinin izlərini qoruyub saxlayan Dərbənd şəhərində Minarəli məscid (XIV), Şah Abbas məscidi (XVII), Sultan Bayat hamamı (XVII-XVIII), Xan məqbərəsi (XVIII), yer altı su anbarı (VIII-XVII), Xan sarayının qalıqları (XVIII) kimi memarlıq inciləri var. Bu şəhərdəki qədim Narın Qala tarixi-memarlıq kompleksi və Cümə məscidi isə 2003-cü ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
Bu xəbər oxucular tərəfindən 32159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed