Şrift:
Radikal kürdlərdən biri Qərbi Azərbaycan Valiliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin olunub
03.09.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari bölgənin kürdləşdirilməsi istiqamətində yeni bir addım atıb.

Radikal kürdləri tədricən həssas vəzifələrə gətirən vali bu dəfə onlardan daha birini, hətta kürd terror qruplaşmalarının tərəfdarı olduğu deyilən İskəndər Xəncərini Valiliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin edib.

Məhəmməd Mehdi Şəhriyari avqust ayında da oxşar qərara imza ataraq azərbaycanlıların etirazına səbəb olmuşdur. O Valiliyin Yoxlama və Təftiş İdarəsinin yerli türklərdən olan rəisi Seyfəli Nurini işindən azad edərək yerinə Piranşəhrdən (Xana) olan kürd kökənli Məhəmməd Sadiq Əmir Əşayirini təyin etmişdir.

Vali radikal kürd qruplaşmalarının tərəfdarı olan şəxsi özünün müavini postuna da təyin edib.

Məhəmməd Mehdi Şəhriyari bölgənin kürdləşdirilməsi prosesini sürətləndirmək məqsədi ilə həssas işlərdə çalışan türkləri kürd kökənli məsullarla dəyişir. Bu işə hökumət də dəstək verdiyi üçün, o planını istədiyi kimi həyata keçirə bilir.

İki il əvvəl isə Qərbi Azərbaycan Valiliyinin İctimai və Mədəni işlər üzrə Bölümünün rəisi Dr. Huşəng Ətapur və Salmas Şəhər İcra Hakimiyyətinin başçısı Məsud Hacı Əlilu və daha bir neçə azərbaycanlı məsul şəxs vali tərəfindən tutduğu vəzifədən azad edilib. Valinin işindən uzaqlaşdırdığı məsulların əksəriyyəti Azərbaycan və türk kimliyinə bağlı olan şəxslər olub.

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Məhəmməd Mehdi Şəhriyari hər zaman Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyi ilə seçilib, o sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

N.S
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed