Şrift:
Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq möhkəmləndirilir
04.09.2019 [10:39] - Xəbərlər, Türk dünyası-Turan
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə görüşüb.

Darxan Kıdırali rəhbərlik etdiyi akademiyanın fəaliyyəti, həyata keçirilən layihələr, gələcək planlar barədə məlumat verib.

Görüşdə Türk Akademiyası tərəfindən son bir ildə “Türk ədəbiyyatı antologiyaları” seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəfis tərtibatla çap edildiyi qeyd olunub. Kitabda Azərbaycanın 20 klassikinin seçilmiş əsərləri yer alıb. Bununla yanaşı, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində onun şeirləri ilk dəfə akademiya tərəfindən qazax dilinə çap edilərək nəşr olunub.

Akademiyanın prezidenti təşkilatın 2020-ci ildə Azərbaycanda üç il davam edəcək çoxtərəfli tədqiqat işlərinə başlayacağını bildirib. Beynəlxalq layihə arxeologiya, toponimiya və etnoqrafiya kimi sahələri əhatə edəcək. Darxan Kıdırali Beynəlxalq Türk Akademiyasının Monqolustandan Macarıstana qədər geniş bir coğrafiyada bu layihəni həyata keçirdiyini, Azərbaycanda və Qafqaz bölgəsində türk sivilizasiyası və mədəniyyətini araşdırmağın isə xüsusilə əhəmiyyətli olduğunu qeyd edib. Həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin təlimatı əsasında akademiya tərəfindən çapa hazırlanan "Ortaq türk tarixi" dərsliyinin üzv ölkələrdə tədris proqramına salındığı, ortaq ədəbiyyat və ortaq coğrafiya dərslikləri ilə bağlı işlərin davam etdiyi vurğulanıb. Həyata keçirilən layihələrin ortaq tarix şüuru və düşüncəsinin formalaşdırılmasına xidmət etdiyi bildirilib.

Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yaxından izlədiyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. O, qardaş xalqların birliyi yolunda ədəbi əlaqələri möhkəmləndirmək, şair və yazıçıların əməkdaşlıq bağlarını gücləndirmək lazım olduğunu diqqətə çatdırıb. Xalq yazıçısı bu baxımdan ziyalı təbəqənin üzərinə mühüm vəzifə düşdüyünü, bu səbəbdən akademiya ilə əməkdaşlıq üzərində xüsusi dayandıqlarını vurğulayıb.

Xalq yazıçısı Qazaxıstanın Latın əlifbasına keçidinin xalqlarımızın yaxınlaşmasına müsbət təsirləri olacağına da inamını ifadə edib.

Görüşdə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Görüşün yekununda Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlığı möhkəmləndirmək barədə razılıq əldə edilib. Xalq yazıçısına akademiyanın Azərbaycanla bağlı nəşr etdirdiyi kitablar hədiyyə olunub.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed