Şrift:
Ukraynada soydaşlarımıza milli kimliyimiz aşılanır - Odessada Azərbaycan dili məktəbindən REPORTAJ
06.09.2019 [10:39] - Diaspor
Odessa şəhərində onu tanımayan soydaşımız yoxdur. Çünki Azərbaycana olan sevgisi, Odessada yaşayan soydaşlarımıza təhsil vermək istəyi onun pedaqoq kimi işini davam etdirmək həvəsini öldürməyib. Nəzakət Məmmədova 2004-cü ildən həyat yoldaşının işi ilə əlaqədar olaraq Odessa şəhərində yaşayır. Azərbaycanda yaşayarkən də pedaqoji fəaliyyət göstərmiş Nəzakət Məmmədova 18 ildir peşəsini sevir. AZƏRTAC-a müsahibəsində Nəzakət müəllimə ağızdolusu soydaşlarımızın Azərbaycan sevgisindən danışıb. O bildirib ki, azərbaycanlı uşaqlara Azərbaycanı sevdirməkdən zövq alır. Odessada Azərbaycan dili həftəsonu məktəbinin açılmasının çoxdankı arzusu olduğunu deyən pedaqoq vurğulayıb ki, bu işdə başda Natiq Nağıyev, Namiq Talıbov olmaqla Azərbaycan diasporunun böyük xidmətləri olub. “Odessada 39 min azərbaycanlı yaşayır, onlardan 20 mini Ukrayna vətəndaşıdır. Onların hamısı vətən və xalq üçün yaşayır. Keçən ildən fəaliyyətə başlayan məktəb şəhər kitabxanasının nəzdində fəaliyyət göstərir. Hər həftənin şənbə və bazar günləri uşaqlara Azərbaycan dili, oxu və tarixi, coğrafiyasına dair dərslər keçirilir. Artıq məktəbdə 20-dən çox azərbaycanlı təhsil alır. Gələcəkdə yeri böyüdüb, 6 yaşdan 16 yaşa qədər qruplar açmağı planlaşdırırıq”, - deyə N.Məmmədova əlavə edib.

İnsanın doğulub boya-başa çatdığı Vətəninin onun kimliyinin ayrılmaz parçası olduğunu xatırladan N.Məmmədova qeyd edib ki, onu qorumaq milli-mənəvi borcumuzdur. “Ukraynada doğulub böyüyən soydaşlarımız az deyil. Onlara milli kimliyimizi, tariximizi, qəhrəmanlarımızı aşılamaq olduqca vacibdir. Bu baxımdan Ukraynada Azərbaycan məktəblərinin sayı daha çox olmalıdır”.

Dərsliklər, əyani vəsaitlərin təmin olunması üçün Azərbaycan Təhsil Nazirliyi ilə koordinasiyalı şəkildə işləməyin vacibliyini vurğulayan N.Məmmədova milli musiqimizin təbliği üçün xüsusi dərslərin də keçirilməsinin önəmli olduğunu deyib. Həmçinin belə tədbirlərdə milli musiqi alətlərimizin və milli geyimlərimizin əyani nümayişinin vacibliyini bildirib.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed