Şrift:
Brexit-in təxirə salınmasına dair qanun layihəsi gələn həftə qəbul edilə bilər
06.09.2019 [10:40] - Gündəm, Siyasət
Baş nazir Boris Conson hökumətini Brexit müddətini üç ay – 2020-ci il yanvarın 31-nə qədər təxirə salmağa məcbur edəcək qanun layihəsi gələn həftənin əvvəlinə qədər parlament təsdiqinin bütün prosedurlarından keçə bilər.

Sentyabrın 5-nə keçən gecə hökumət billin müzakirəsinə qarşı etirazını geri götürüb. Bu o deməkdir ki, Lordlar palatasında (qanunverici orqanın yuxarı palatası) qanun layihəsinin müzakirəsi sentyabrın 6-da yerli vaxtla saat 17:00-da sona çatacaq və bundan sonra sənəd yekun təsdiq üçün İcmalar palatasına qayıdacaq. Bu ərəfədə deputatlar Boris Conson kabinetini növbəti dəfə məğlub edərək 327 səsin 299 səsə nisbətdə sözügedən qanunu qəbul ediblər.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən referendumda Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.

Analitiklərin fikrincə, getdikcə kəskinləşməkdə olan hökumət-parlament qarşıdurması Böyük Britaniyada ciddi siyasi böhrana gətirib çıxara bilər.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed