Şrift:
Milli komandamız 4-cü oyunda da uduzdu
07.09.2019 [10:31] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində dördüncü oyununu keçirib.

Səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzan yığma komanda Uels kollektivinin qonağı olub. Kardiff şəhər stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Baş məşqçi Nikola Yurçeviç qapını Səlahət Ağayevə, müdafiəni soldan sağa olmaqla Şəhriyar Rəhimov, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Maksim Medvedev və Pavel Paşayevdən ibarət "beşliy"ə həvalə edib. Ortada Riçard Almeyda ilə Qara Qarayev, öndə isə Dmitri Nazarov, Mahir Emreli və Ramil Şeydayev qərarlaşıb.

Meydan sahibləri ilk 5 dəqiqə ərzində 2 qol epizodu yarada biliblər. Əvvəlcə Co Rodon cərimə zərbəsindən ötürülən topu qapının üstündən vurub. Ardınca Qaret Beylin zərbə mövqeyinə çıxardığı Tom Lourens "çərçivə"ni düzgün nişan almayıb. Uelslilərin cavabını 10-cu dəqiqədə Medvedev verib. Lakin kapitanın zərbəsi də hədəfdən yayınıb.

Start həyəcanını geridə qoyan Azərbaycan millisi tədricən oyunu bərabərləşdirə bilib. Matçın 16-cı dəqiqəsində Uels futbolçusu Harri Uilson yerdə qalan Almeydanın baldırını bilərəkdən ayaqlasa da, epizodu gözdən qaçıran refer ona sarı vərəqə belə verməyib. Stadiona toplaşan yerli azarkeşlər uelsli futbolçulardan qol gözlədikləri halda, hesabı Azərbaycan millisinin futbolçusu açıb. 27-ci dəqiqədə Beylin cərimə meydançasına hava ötürməsindən sonra Paşayev topu çiyni ilə Ağayevə vermək istəyərkən avtoqola imza atıb.

Dəqiqələr irəlilədikcə rəqibin təzyiqi artırmağının fonunda milli meydanın mərkəzini keçməyə çətinlik çəkib və daha çox müdafiə olunub. İlk yarıda ara-sıra təşkil edilən hücumlar zamanı isə topu qapıya istiqamətləndirmək mümkün olmayıb.

Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Müdafiəyə çəkilən milli imkan düşdükcə əks-hücumlar təşkil etməyə çalışıb. Və onlardan biri öz bəhrəsin verib. 58-ci dəqiqədə Şeydayevin ötürməsində sonra Emreli rəqib qapıçı ilə təkbətək çıxıb. Arxadan gələn müdafiəçilər ona mane olmağa çalışsalar da, "Qarabağ"ın forvardı ilk vuruşundan sonra Hennessinin qaytardığı topu qapıdan keçirib. Bir qədər sonra isə Şeydayevin zərbəsinin qarşısını rəqib müdafiəçi alıb.

Buraxılan qoldan sonra meydan sahibləri bir qədər də fəallaşıblar. Bunun müqabilində Yurçeviç 68-ci dəqiqədə sarı vərəqəsi olan Almeydanın yerinə meydana Rəşad Eyubovu buraxıb. 4 dəqiqə sonra isə əzələsi dartılan Rəhimovu Təmkin Xəlilzadə əvəzləyib.

Oyunboyu elə də yaxşı təsir bağışlamayan Beyl 82-cü dəqiqədə əlverişli nöqtədən cərimə zərbəsindən yararlana bilməyib. Gəl ki, 2 dəqiqə sonra cərimə meydançasında yaranan qarışıqlıq və Ağayevin çıxışda səhvə yol verməsi "Real Madrid"in forvardının başla fərqlənməsi ilə nəticələnib.

Yurçeviç vəziyyəti dəyişmək üçün Nazarovun yerinə son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovu meydana buraxıb. Son dəqiqələrdə milli iki dəfə qol vurmağa yaxın olub. Şeydayev cərimə zəbrəsindən yararlana bilmədiyi halda, Ramazanovun zərbəsini rəqib qapıçı tutub.

Beləliklə, milli komanda seçmə mərhələdəki dördüncü oyununda da uduzub.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed