Şrift:
Şərqi Azərbaycan: Təhsil nazirinin müavini Əcəbşer məktəblərinin problemlərini sadalayıb
07.09.2019 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran təhsil nazirinin müavini və İnkişaf və Yenidənqurma Təşkilatının rəisi Şərqi Azərbaycanın Əcəbşer şəhərində məktəblərin problemləri və təmsil etdiyi təşkilatın prioritet işlərindən danışıb.



Mehrulla Rəxşanimehr bu barədə sentyabrın 5-də Əcəbşerdə üzgüçülük hovuzunun tikintisi layihəsinə baxış keçirərkən danışıb.



İdman obyektlərinin əhəmiyyətinə toxunan nazir müavini hazırda Əcəbşer və şəhərə bağlı olan bir kənddə iki məktəbin tikilməkdə olduğunu bildirib. “Köhnə məktəblərdə yenidənqurma işlərinin aparılması, istilik və soyutma sistemlərinin standartlaşdırılması, məktəblərin yeni avadanlıqlarla təmin olunması və kanekslərin (dəmirdən düzəldilən dərs otqaları) yığışdırılması Əcəbşer şəhərinin təhsil sahəsində ehtiyacı olduğu əsas məsələlərdir.”- deyə o bildirib.



Mehrulla Rəxşanimehr vurğulayıb ki, kaneks məktəblərinin standart məktəblərlə əvəzlənməsi İnkişaf və Yenidənqurma Təşkilatı üçün əsas prioritetdir.



Yerli məsullar da fürsətdən istifadə edərək şəhər və ətraf kəndlərin məktəblərində yaşanan bütün çatışmazlıqları nazir müavininə sadalamağa çalışıblar.



Hal-hazırda Şərqi Azərbaycanın təxminən 300 kəndində şagirdlərin kaneks məktəblərdə təhsil aldığı bildirilib.



Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib. Buna baxmayaraq dövlət bu istiqamətdə hər hansı tədbir almır və əhaliyə verilən vədlər yerinə yetirilmir. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed