Şrift:
Hadi Bahaduri: Ana dilinin həftədə iki saat tədris olunması bütün əyalətlər üçün keçərlidir
07.09.2019 [12:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili məktəblərdə türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqini müsbət addım kimi qiymətləndirərək bu layihənin yalnız Şərqi Azərbaycan Əyaləti deyil, bütün əyalətlərə aid olduğunu deyib.



Hadi Bahaduri bu barədə “Əncümən Azərbaycan” agentliyinə danışıb.



“Mən cənab Məhəmməd Bəthayi təhsil naziri olduğu zaman onunla məktəblərdə ana dilinin tədrisi ilə bağlı bir neçə dəfə müzakirə apardım. Sonda nazir bu layihənin icrası ilə bağlı söz verdilər.

Nazirin vəd verdiyi proqramda ana dilinin həftədə 2 saat tədrisi nəzərdə tutulmuşdur. Bu, bütün əyalətlər və ölkənin müxtəlif qövmlərinə aid edilir.

Bundan sonra Nazirlik mənə məktub göndərərək dillərin tədrisi üçün standart kitabların lazım olduğunu bildirdi.

Biz bu məsələ ilə bağlı fəaliyyətimizi davam etdirdik. Xoşbəxtlikdən Zəncan Əyalətinin Təhsil İdarəsi məktəblərdə tədris üçün 5 cild kitab hazırlayıb. Biz elan etdik ki, bu kitablar bizim üçün münasibdir. Kitablar parlamentin Təhsil Komissiyasının üzvlərinə də göstərildi. Bundan sonra standart kitabın olmaması bəhanəsi də ortadan qalxdı. Artıq bizim türk dilinin tədrisi üçün standart kitablarımız var.”- deyə o bildirib.



Millət vəkili Şərqi Azərbaycan valisinin də türk dili dərslərinin eksperimental tətbiqi istiqamətində səy göstərdiyini bildirərək bu günə qədər Qərbi Azərbaycan valisi və Qərbi Azərbaycan Təhsil İdarəsinin rəisinin bu məsələyə münasibət bildirmədiyini deyib.



Hadi Bahaduri əlavə edib ki, bundan əvvəl kürdlər də kürd dilinin tədris olunmasını tələb edib. Biz də buna qarşı deyilik. Kürd dili Mahabad kimi şəhərlərdə tədris oluna bilər. Lakin kürdlər arasında meyar kürd dili olmadığı üçün bu məsələ ilə bağlı müəyyən problemlər var.



“Biz Urmiyədə də türk dili dəsrlərinin ən azı eksperimental şəklində tətbiqini istəyirik. Mənə bu barədə kemiş təhsil naziri söz verib. Mövzu ilə əlaqədar yeni nazirə də müraciət edəcəm.”- deyə Hadi Bahaduri vurğulayıb.



Hələlik türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqi haqda geniş məlumat yoxdur. Layihənin təfərrüatı məlum olmadığı üçün bu barədə dəqiq heç nə demək mümkün deyil. Lakin bu layihə məktəblərdə ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 19-cü maddəsinin icrasını unutdurmaq məqsədi ilə həyata keçiriləcəksə, həmçinin dərsliklərin mətni türk dilindən daha çox fars dilini əks etdirəcəksə, o zaman dövlətin qeyri səmimi olduğu bir daha üzə çıxacaq.



İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq, ölkə üzrə yayımlanan türk dilində televiziya və qəzet, eləcə də bir çox milli və mədəni hüquqdan məhrumdur. İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, məktəb və universitetlərdə türk dilinin tədris olunmasına icazə vermir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazı ilə qarşılanır.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed