Şrift:
“Ərdəbil məktəblərində türk dili tədris olunacaq” – Millət vəkili
09.09.2019 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri yeni dərs ilində əyalət məktəblərində türk dili dərslərinin eksperimental tətbiqinə başlanılacağını bildirib.

O bu barədə sentyabrın 7-də Ərdəbil Mədəniyyət və İncəsənət Kompleksində keçirilən bir tədbirdə danışıb.

“Uzun illərdir ki, konstitusianın 15-ci maddəsi qeyri-müəyyn vəziyyətdədir. Bu il türk dilinin tədrisi ilə onun icrasına başlanılacaq.
Ərdəbil əhalisinin əsas tələblərindən biri məhz türk dilinin tədris olunmasıdır. Təbii ki, yerli məsullar və qeyri-hökumət təşkilatları bu dilin qrammatikasının məktəblərdə tədris olunmasına çalışır. Şübhəsiz ki, səylərimiz davam edəcək və istədiyimiz nəticəyə nail olacayıq.
Hesab eliyirəm ki, universitetlərdə də türk dilinə diqqət yetirilməlidir. Hətta bu dili öyrənmək istəyən yerli olmayan öyrəncilər üçün də türk dili kusrları təşkil olunmalıdır.”- deyə o bildirib.

Südeyif Bədri əlavə edib ki, artıq türk dilinin tədrisi üçün kitablar hazırdır və təsdiq edilmək üçün parlamentin araşdırma mərkəzinə göndərilib.

İki həftə əvvəl Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi Cəfər Paşayi yeni dərs ilində türk dilinin tədrisi istiqamətində sınaq dəsrlərinə başlanılacağını bildirmişdir. Onun sözlərinə görə, Şərqi Azərbaycanın bəzi məktəblərində şagirdlərə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

Cəfər Paşayinin açıqlamasından bir neçə gün sonra Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri bu layihənin yalnız Şərqi Azərbaycan Əyaləti deyil, bütün əyalətlərə, o cümlədən Qərbi Azərbaycan Əyalətinə də şamil olduğunu qeyd etmişdir.

Hələlik türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqi haqda geniş məlumat yoxdur. Layihənin təfərrüatı məlum olmadığı üçün bu barədə dəqiq heç nə demək mümkün deyil. Lakin bu layihə məktəblərdə ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 19-cü maddəsinin icrasını unutdurmaq məqsədi ilə həyata keçiriləcəksə, həmçinin dərsliklərin mətni türk dilindən daha çox fars dilini əks etdirəcəksə, o zaman dövlətin qeyri səmimi olduğu bir daha üzə çıxacaq.
İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq, ölkə üzrə yayımlanan türk dilində televiziya və qəzet, eləcə də bir çox milli və mədəni hüquqdan məhrumdur. İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, məktəb və universitetlərdə türk dilinin tədris olunmasına icazə vermir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazı ilə qarşılanır.

N.S
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed