Şrift:
Ərdəbil Əyaləti Təhsil İdarəsinin rəisi məktəblərdə türk dilinin tədrisindən danışıb
11.09.2019 [12:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Ərdəbil Əyaləti Təhsil İdarəsi Şurası təsdiq edərsə, həmçinin kitabların məzmunu müəyyən edilərsə, əyalətin bəzi məktəblərində Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.”
“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, bu sözləri Ərdəbil Əyaləti Təhsil İdarəsinin rəisi əyalətin İslami Şurasının keçirdiyi iclasda deyib.
Əhməd Nasiri bildirib ki, biz əyalət əhalisinin haqlı tələbinin təmin olunması və konstitusiyanın 19-cu maddəsinin icra olunmasının tərəfdarıyıq. Lakin bu zəmində müəyyən maneələr var. Misal üçün hələ türk dili dərsliyinin məzmunu hazırlanmayıb. Qərara görə, Şərqi Azərbaycan Əyaləti Təhsil İdarəsinin Araşdırmalar Mərkəzi dərsliklərin məzmununu hazırlayacaq.

Təhsil İdarəsinin rəisi əlavə edib ki, qonşu əyalətdə (Şərqi Azərbaycan Əyaləti nəzərdə tutulur) Təhsil İdarəsi Şurasının məsləhəti ilə 3 məktəbdə həftədə 2 saat türk dili tədris olunacaq. Biz də Ərdəbil Əyalətində bu dəsrlərin eksperimental tətbiqinə çalışırıq.

Əhməd Nasiri Ərdəbil Əyalətində məktəb binalarının 30 faizində təmir və yenidənqurma işlərinə ehtiyac olduğunu da diqqətə çatdırıb.

Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri də sentyabrın 7-də yeni dərs ilində əyalət məktəblərində türk dili dərslərinin eksperimental tətbiqinə başlanılacağını bildirmişdir. Lakin o dərsliklərin hazır olduğunu və təsdiq edilmək üçün parlamentin araşdırma mərkəzinə göndərildiyini bəyan etmişdir.

Ondan bir neçə gün əvvəl isə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri oxşar açıqlama ilə çıxış etmişdir.
Layihənin bütün əyalətlərə aid olduğunu deyən millət vəkili türk dilinin tədrisi üçün Zəncan Əyaləti Təhsil İdarəsi tərəfindən 5 cild kitab hazırlandığını, bu kitabların parlamentin Təhsil Komissiyasının üzvlərinə göstərildiyini demişdir. Hadi Bahaduri vurğulayıb ki, artıq türk dilinin tədrisi üçün standart kitablar var və standart kitabın olmaması bəhanəsi ortadan qalxıb.

Avqust ayında Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi Cəfər Paşayi yeni dərs ilində türk dilinin tədrisi istiqamətində sınaq dəsrlərinə başlanılacağını bildirmişdir. Onun sözlərinə görə, Şərqi Azərbaycanın bəzi məktəblərində şagirdlərə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

Hələlik türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqi haqda geniş məlumat yoxdur. Layihənin təfərrüatı məlum olmadığı üçün bu barədə dəqiq heç nə demək mümkün deyil. Lakin bu layihə məktəblərdə ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 19-cü maddəsinin icrasını unutdurmaq məqsədi ilə həyata keçiriləcəksə, həmçinin dərsliklərin mətni türk dilindən daha çox fars dilini əks etdirəcəksə, o zaman dövlətin qeyri səmimi olduğu bir daha üzə çıxacaq.
İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq, ölkə üzrə yayımlanan türk dilində televiziya və qəzet, eləcə də bir çox milli və mədəni hüquqdan məhrumdur. İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, məktəb və universitetlərdə türk dilinin tədris olunmasına icazə vermir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazı ilə qarşılanır.

N.S
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed