Şrift:
ƏÜO-da ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO
17.09.2019 [14:03] - Gündəm, Hərb
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib. Tədbirlərdə ordu quruculuğu prosesində fəal iştirak etmiş, hazırda ehtiyatda olan müharibə və Silahlı Qüvvələr veteranları da iştirak ediblər.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbriklərini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi formalaşdırıldı, 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı və 1992-ci il oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi. 21 may 1995-ci ildə həmin briqada motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə Ordu Korpusuna, 18 dekabr 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Orduya çevrildi.
General-leytenant Kərəm Mustafayev bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Məhz 2018-ci ilin may ayında Günnüt əməliyyatının uğurla nəticələnməsi bunun bariz nümunəsidir. Qazanılan nailiyyətlərin əsasında ilk növbədə vətənpərvərlik hissləri dayanır. İyunun 7-dən 11-dək Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunmasında şəxsi heyətin döyüş ruhu və peşəkarlığı əsas rol oynayıb.
Təbrik oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib. Ordu quruculuğu prosesində fəal iştirak etmiş, hazırda isə ehtiyatda olan müharibə və Silahlı Qüvvələr veteranları da qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən silsilə tədbirlərdə təbriklər oxunub, hərbi qulluqçular təltif edilib, veteranlar mükafatlandırılıblar. Tədbirlər mədəniyyət və bədii özfəaliyyət kollektivlərinin konsert proqramları ilə davam edib.

Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed