Şrift:
FHN: Azərbaycanda sərnişin qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb
31.08.2012 [10:40] - Köşə yazarları, Hadisə
Azərbaycanda sərnişin qatarı ilə avtobus toqquşub, ölənlər və xəsarət alanlar var.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov cümə günü bildirib ki, avqustun 31-də Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07. 25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07-30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobusun sərnişinlər arasında ölənlər və xəsarət alanlar var.

Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat"ın tələblərinə uyğun olması müəyyən edilib.

Hadisənin baş verməsinə səbəb, sürücü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanun"un 44-cü maddəsinin tələblərinin pozulması olub.
Qaradağ rayon Prokurorluğundan isə Trend-ə bildiriblər ki, qəza nəticəsində avtobus sərnişinlərindən ən azı 3 nəfər hadisə yerində ölüb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə Trend-ə bildirib ki, qəzaya səbəb sərnişin avtobusunun qatarın yoluna çıxmasıdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, qəza nəticəsində 41 nəfər yaralanıb. Bunlardan 32 nəfəri Kliniki Tibbi Mərkəzə, 9-si isə Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna gətirilib. Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna gətirilən xəstələrin 8-nə ablotor yardım göstərilərək evə buraxılıb, bir nəfər isə müalicə olunur. Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrin 8-nin vəziyyəti ağırdır. Qədirli bildirib ki, qəza nəticəsində ölənlərin sayı ən azı 5-6 nəfərdir.
Kliniki Tibbi Mərkəzin baş həkim Tərlan Bəbirov Trend-ə bildirib ki, xəstəxanaya daxil olan 35 nəfərdən biri meyit olub, bu şəxs qadın olub. Qalan 2 nəfər xəstəxanada əməliyyat zamanı ölüb. Bunlar kişilər olub.
Qaradağ rayon Prokurorluğundan isə Trend-ə bildiriblər ki, qəza nəticəsində avtobus sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, saat 07:30 radələrində Bakı şəhəri, Qaradağ rayonunda dəmir yolu keçidində "Ağstafa-Bakı" marşrutu ilə hərəkət edən sərnişin qatarı və avtobus toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, 6 nəfər hadisə yerində ölmüş, 40 nəfərdən çox insan yaralanıb.

Xilasedicilər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə cəsədləri və yaralıları, habelə insan bədəninin fraqmentlərini ağır deformasiyaya uğramış nəqliyyat vasitəsindən və digər yerlərdən müvafiq qaydada götürərək aidiyyəti üzrə təhvil verib, habelə zəruri təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 09:25-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed