Şrift:
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
18.09.2019 [10:31] - Gündəm, Siyasət
Sentyabrın 17-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, İran tərəfini isə Xarici İşlər Nazirliyinin Baş idarə rəisi, İran İslam Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Rza Nəzər Ahari təmsil edib.

Görüş zamanı tərəflər, ilk növbədə, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar məsələni müzakirə edərək, Konvensiyanın səmərəli tətbiqi baxımından onun Katibliyinin fəaliyyətə başlamasının zəruriliyini vurğulayıb və Konvensiya tərəflərinin qarşılıqlı anlaşma əsasında bu istiqamətdə tezliklə razılığa gəlməsinin vacibliyini qeyd ediblər.

Məsləhətləşmələr çərçivəsində, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının tarixi, eləcə də onun gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed