Şrift:
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb
19.09.2019 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 31-ci ildönümü tamam olur.

Bu münasibətlə Təbrizdə dahi şairin anım mərasimi keçirilib. Şəhriyarın yaradıcılığını sevənlər onun muzeyə çevrilmiş evinə toplaşıblar.

Şəhriyar fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə insanlara vətənpərvərlik duyğuları aşılamış, milli həmrəylik ideyası təbliğ etmiş, milli ruhun oyanışında böyük xidmətlər göstərmişdir. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr olunub. O, ötən əsrin 20-ci illərindən etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə, onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.

M.Şəhriyar XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu poeması nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır.

Məhəmmədhüseyn Şəhriyarın xatirəsi xalqın ürəyində əbədi yaşayır və sevilir. O, 1988-ci il sentyabrın 18-də 82 yaşında Təbrizdə vəfat edib. Onun vəfat etdiyi gün İranda “Milli şeir günü” kimi qeyd olunur.

Rabil Kətanov
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed