Şrift:
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlamentin üzvü Hyu MakDermotdan ədalətli mövqe tutmasını tələb edib
20.09.2019 [11:42] - Gündəm, Diaspor
Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermotdan bu ölkədə yaşayan azərbaycanlılara qarşı ədalətli mövqe nümayiş etdirməyi tələb edib.

Bu barədə AAA rəhbərliyinin sentyabrın 19-da H.MakDermota ünvanladığı məktubda deyilir.

Bildirilir ki, son vaxtlar Yeni Cənubi Uels ştatının bəzi siyasətçiləri fəal şəkildə bu ərazidə yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmanı və siyasi gərginliyi artırırlar. H.MakDermotun bu münaqişəni Yeni Cənubi Uels ştatının parlamentinə çıxarmaq üçün çalışması AAA rəhbərliyini ciddi narahat edir.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə geniş yer verilir və yüz illər boyu ermənilərin tarixi Azərbaycan torpaqlarını qəsb etmək üçün apardığı işğalçı siyasət barədə ətraflı məlumat avstraliyalı deputatın diqqətinə çatdırılır. Ermənistan silahlı qüvvələri tərəfindən 1918-ci ildən başlayaraq Azərbaycan ərazilərində, o cümlədən Bakı şəhərində dinc əhaliyə qarşı törədilən qanlı cinayətlər barədə ətraflı məlumat verilir. Bu qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlının qətlə yetirildiyi faktlarla sadalanır.

Ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin dağılması ərəfəsində ermənilərin yaranan şəraitdən istifadə edərək Azərbaycan torpaqlarının işğalı istiqamətində törətdikləri qanlı cinayətlərə də məktubda geniş yer verilir. Bildirilir ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğalı üçün azərbaycanlıların yaşadıqları ərazilərdə törədilən faciələr, xüsusən Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək.

Vurğulanır ki, Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan öz ata-baba yurdlarından didərgin düşərək bu gün də qaçqın və məcburi köçkün statusu daşıyır. Hazırda Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır.

Avstraliyadakı azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətini vurğulayan AAA rəhbərliyi yerli siyasətçilərin birtərəfli mövqeyinin və siyasi hərəkətlərinin bunu pozmağa yönəldiyini bir daha diqqətə çatdırır. Qeyd edir ki, bu cür hərəkətlərin xüsusən məktəblərdə törədilməsi buradakı erməni şagirdlərlə azərbaycanlı və türk məktəblilər arasında xoşagəlməz hallara yol açır.

Bütün bu halların çox ciddi nəticələrə aparıb çıxaracağı barədə xəbərdarlıq edən diaspor təşkilatı avstraliyalı deputatdan yerli seçici kateqoriyasına daxil olan azərbaycanlıların da haqq səsini dinləməsini və Azərbaycan icmasına diqqətlə yanaşmasını tələb edir.

Məktub AAA-nın sədri Mikayıl Oyta tərəfindən imzalanıb.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 76 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed