Şrift:
Güney Azərbaycan yolları can almaqda davam edir
20.09.2019 [11:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir.

Son məlumata görə, cümə axşamı günü Qəzvin-Rəşt yolunda baş verən yol qəzasında 1 nəfər faciəvi şəkildə həlak olub.

Bu barədə Qəzvin Əyaləti Təcili Tibbi Yardım Mərkəzinin rəisi Peyman Namdar mətbuata məlumat verib.

“Saat 19 radələrində qədim Qəzvin-Rəşt yolunda “İsuzu” və “Nissan” markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində yanmağa başlayan “Nissan” markalı avtomobilin sürücüsü yanaraq ölüb.”- deyə o bildirib.

Peyman Namdarın sözlərinə görə, “İsuzu” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb, o Qəzvinin Rəcayi xəstəxanasına aparılıb.

Həmin gün Təbriz-Tehran yolunda da 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, “Prayd” markalı minik avtomobili Əhər üçyolunda yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 sərnişin hadisə yerində ölüb, 2-i isə ağır xəsarət alaraq Təbrizin İmam Rza xəstəxanasına çatdırılıb.
Qəzada ölən sərnişinlərin qadın olduğu bildirilir.

Oxşar yol qəzaları Güney Azərbaycanın müxtəlif əyalətlərində təxminən hər gün baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

N.S
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed