Şrift:
Təbrizin Bağmişə məhəlləsində torpaq sürüşməsi baş verib - Yaranan təhlükə ilə bağlı hansı orqan məsuliyyət daşıyır?
20.09.2019 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Bağmişə məhəlləsində baş verən torpaq sürüşməsi və dağ uçqununu təsdiqləyərək sürüşmə zonasında yerləşən yaşayış evləri üçün təhlükə yarandığını bildirib.

Behruz Məhdəvi qeyd edib ki, Bağmişə məhəlləsində torpaq sürüşməsi baş verib, bu hadisə ətrafdakı bütün ev və obyektlərin təxrib olunmasına səbəb olacaq.

Bundan əvvəl Şərqi Azərbaycan Təbii Fəlakətlər İdarəsinin rəisi dağdan torpaq kütləsinin axıb gəldiyini, lakin geniş mənada torpaq sürüşməsinin baş vermədiyini bəyan etmişdir.

Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Bağmişə Bələdiyyə İdarəsini tənqid edərək bildirib ki, bu məntəqə yaşayış üçün əlverişli deyil, buna baxmayaraq torpaq sürüşməsinin baş verdiyi yerin tam qarşısında 6 mərtəbəli binanın tikilməsinə icazə verilib.
“Torpaq sürüşməsi daha geniş ərazini əhatə edərsə, ətrafdakı bütün evlər təxrib olunacaq. Bələdiyyə İdarəsi Bağmişə dağına yaxın torpaq sahələrində lazımi infrastrukturu yaratmadığı üçün ərazidəki evləri ciddi təhlükə gözləyir.”- deyə Behruz Məhdəvi bildirib.

Bağmişə məhəlləsinin əhalisi də gözlənilən təhlükə ilə bağlı Bələdiyyə İdarəsini günahlandırır. Onlar bildirir ki, bu ərazidə bir çox binanın tikilməsinə icazə verilməməli idi. Bələdiyyə İdarəsi bunu edibsə, indi də cavabdeh olmalıdır.

Sentyabrın 17-də Təbizin Bağmişə məhəlləsində baş verən torpaq sürüşməsi ən azı 100 evi təhlükə ilə üz-üzə qoyub. Hadisə nəticəsində heç bir itki olmadığı bildirilir, lakin bəziləri bir avtomobilin dağdan axıb gələn torpaq kütləsinin altında qaldığını ehtimal edir.

Bağmişə və onun qonşuluğunda yerləşən Rüşdiyyə və “Vəli Əsr” kimi şəhərciklər təxminən 30 il əvvəl torpaq sürüşməsi kimi mümkün təhlükələr nəzərə alınmadan tikilib. Şəhərciklər gün keçdikcə daha da böyüyüb və hündürmərtəbəli binalar inşa edilib. Hazırda torpaq sürüşməsi və zəlzələ təhlükəsi ilə üz-üzə olan şəhərciklərdə 200 min nəfərdən çox əhali yaşayır.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed