Şrift:
BMT-yə etiraz məktubu göndərmək üçün imzatoplama kampaniyası keçirilir - “Farsca yetərlilik” testi ilə bağlı
23.09.2019 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti, Güney Azərbaycan Səsi Teleqram Kanalının əməkdaşlığı ilə İran Təhsil Nazirliyinin məktəblərdə həyata keçirdiyi “farsca yetərlilik” testi ilə bağlı internetdə imzatoplama kampaniyası həyata keçirir.

5 min imzanın toplanmasını hədəfləyən kampaniya “farsca yetərlilik” testinə etiraz olaraq Birləşmiş Millətlər Təşkilatına (BMT) etiraz məktubu göndərmək məqsədi ilə keçirilir.

Almaniyada yaşayan güney azərbaycanlı milli fəal Dr. Həmdulla Süleymani kampaniyanın keçirilməsinə çalışan bir fəal kimi, bu barədə şəxsi səhifəsində məlumat paylaşıb. O bildirib ki, “Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri xanım Jalə Təbrizi İran dövlətinin farslaşdırma planı və “farsca yetərlilik” testinin tətbiqi ilə bağlı BMT-yə 5 min imza ilə birlikdə etiraz məktubu göndərəcək. Hazırda Güney Azərbaycan Səsi Teleqram Kanalında kampaniya keçirilməkdədir. 5 min imzanın toplanması ona görə önəmlidir ki, BMT bunun əsasında məsələyə müdaxilə edə bilər, hətta testin tətbiqinin dayandırılması ilə bağlı tələb də irəli sürə bilər. Şübhəsiz ki, biz sakit oturub İran dövlətinin məkrli rasizm proqramını seyr edə bilmərik.”

Sözügedən kampaniyanın mətnində İran rejiminin beynəlxalq insan hüquqları ilə bağlı imzaladığı konvensiyalar və bəyannamələr xatırladılaraq bildirilib ki, dövlət nəinki beynəlxalq öhdəliklərini yerinə yetirmir, hətta ana dilinin tədrisi ilə bağlı əksinə edir və asimilasyon siyasəti həyata keçirir. İranda fars, türk, kürd, ərəb, bəluç, türkmən və daha bir neçə millət yaşayır. Ölkənin rəsmi dili olan fars dili ölkənin 30 faiz əhalisinin dilidir, qalan dillərin tədrisi qadağandır.

Mətndə ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin 40 ildir icra olunmamasına və konstitusiyaya əməl olunmasını tələb edənlərin cəzalandırılmasına da işarə olunub.

Bildirilib ki, “farsca yetərlilik” testi İranda ayrı-seçkiliyə dəlalət edən planlardan biridir. İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik” testinin uşaqların sağlamlığının testi layihəsinə əlavə edildiyini açıqlayıb. Bu irqçi layihəyə görə, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq. Artıq sözügedən test Azərbaycanın müxtəlif məntəqələrində məktəbə daxil olmaq istəyən şagirdlər üzərində tətbiq olunub.

Həmçinin vurğulanıb ki, Azərbaycan türkləri İran əhalisinin üçdə birindən çoxunu təşkil etdiyi halda ana dilində təhsil almaq hüququndan məhrumdur. Bu, açıq-aşkar ayrı-seçkilik faktıdır.

Kampaniyaya qoşulanlar mətnin sonunda Təhsil Nazirliyinə bir neçə tələb irəli sürüblər.

- Qeyr-fars uşaqlarının ana dilinin tədrisi ölkədə dərs proqramlarına əlavə olunmalı və YUNESKO-nun bu barədə olan qətnamələrinə əməl edilməlidir.
- “Farsca yetərlilik” irqçi testinin tətbiqi dayandırılmalıdır.
- Konstitusiyanın 30-cu maddəsi icra olunmalıdır.

İran Konstitusiyasının 30-cu maddəsində qeyd olunub ki, dövlət orta məktəbin sonunadək, həmçinin ali təhsil üzrə ölkədə özünütəminetmə səviyyəsi təmin olunanadək hər kəs üçün pulsuz təhsil şəraiti yaratmalıdır.

N.S
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed