Şrift:
Fəallar Ərdəbil məktəblərində minlərlə türkcə kitab paylayıb / Türk şagirdlər ana dilində təhsil tələb edir
25.09.2019 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil şəhərində təhsil müəssisələrinin açılışı günü münasibəti ilə şagirdlər arasında minlərlə türkcə kitab paylanılıb.

Bu məqsədlə güney azərbaycanlı fəallar sentyabrın 24-də məktəblərə gedərək şagirdlərə çox sayda kitab hədiyyə ediblər.

Türk dilində təhsilə qoyulan qadağaya qarşı etiraz xarakteri daşıyan mədəni tədbir Ərdəbil əhalisi və şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.

Kitab paylayan fəallar eyni zamanda İranda türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edib, bu barədə şagirdlər, valdeynlər və müəllimlərin fikir və təkliflərini öyrəniblər.

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Ötən il təhsil müəssisələrinin açılışı günündə “Hər türk şagird üçün türk dilində bir kitab” şüarı ilə Ərdəbildə başlayan kitab paylama kampaniyası Güney Azərbaycanın bir çox şəhərində təxminən 2 ay davam etdirildi.

Bu arada Güney Azərbaycanın müxtəlif şəhərlərində türk şagirdlər ana dilində təhsil hüquqlarının təmin olunmasını tələb ediblər. Şagirdlər bu məqsədlə təhsil müəssisələrinin açılışı günlərində yazılı plakatlar qaldıraraq ölkənin təkdilli təhsil sisteminə etiraz bildirib, öz ana dillərində təhsil almaq istədiklərini elan ediblər.

Şagirdlərin qaldırdığı plakatlarda “Ana dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Ana dilimdə dərs oxumaq istəyirəm”, “Hanı mənim ana dilim!” və s. kimi şüarlar yazılıb.

Müxtəlif mənbələrə görə, İranda əhalisinin sayı 35 minyondan çoxdur. Buna baxmayaraq bu ölkədə türk dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu istiqamətdə mədəni fəaliyyətlə məşğul olan yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed