Şrift:
İsrail “Azərbaycan təhlükəlidir” xəbərdarlığını Qarabağla izah etdi
27.09.2019 [11:31] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlər isə deyir ki, Təl-Əviv hər dəfə Azərbaycanın adını siyahıya salmaqla münasibətlərə xələl gətirir

Sentyabrın 25-də İsrailin milli təhlükəsizlik üzrə qərargahı ölkə vətəndaşları üçün “turistik xəbərdarlıqa”la çıxış edib. Bildirilir ki, yəhudi təqviminin tişrey ayında (sentyabr-oktyabr) bəzi ölkələrə səfər etmək məsləhət deyil..

Yəhudilər üçün təhlükəli ölkələr sırasında Azərbaycan da yer alıb. Qeyd edək ki, Təl-Əviv ayrı-ayrı vaxtlarda öz vətəndaşlarına Azərbaycanla bağlı xəbərdarlıqlar ediblər.

Lakin virtualaz.org xəbər yayıb ki, İsraildəki bəzi rusdilli mediada dərc olunan xəbərdarlıq əslində...

Milli Təhlükəsizlik Qərargahının nümayəndəsi məsələ ilə bağlı sayt əməkdaşına bunları deyib: “Qərargahın tövsiyələrində İsrail turistlərinin təhlükəsizliyinə real təhlükə yarada biləcək silahlı toqquşmaların müşahidə olunduğu Dağlıq Qarabağın ərazisinə getməyin təhlükəli olduğu nəzərdə tutulur. Azərbaycanın xatırlanması onun bütövlüyünü dəstəkləyən İsrailin Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab etməsi ilə izah olunur. Baş Qərargah İsrail vətəndaşlarının Azərbaycana səfərləri ilə bağlı digər məhdudiyyətlər nəzərdə tutmayıb”.

Baş Qərargahın açıqlaması, AZAL-ın İsraildəki nümayəndəliyinin rəhbəri, eyni zamanda İsrailin İSRAIR aviaşirkətinin Təl Əviv-Bakı-Təl-Əviv uçuşları üçün biletlərin satışına cavabdeh olan Veniamin Kurmayevin verdiyi məlumatlar fonunda olduqca məntiqli görünür.

Onun sözlərinə görə, yəhudi tətilində Bakıya uçuşlar üçün artıq yeddi min yerə bilet satılıb və sifarişlərin sayı artmaqda davam edir.

Bundan əlavə, Veniamin Kurmayev İsrail və Azərbaycan arasında turist axınlarının təşkili ilə məşğul olan bir sıra özəl qurumların məlumatlarını təsdiqləyib, qeyd edib ki, təkcə ötən 2018-ci illə müqayisədə Azərbaycana səfər etmək istəyən israilli turistlərin sayı təxminən 25-30 faiz artıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-İsrail arasında həmişə xoş münasibət var. Deputatın sözlərinə görə, Azərbaycan burada yaşayan yəhudilərə hər zaman arxa-dayaq olub və bizdən razı qalıblar.

F.Quliyev İsrail tərəfinin də Azərbaycana bütün yardımları etdiyini xatırlatdı: “İsrail bizə dost ölkədir. Kəşfiyyat sistemi baxımdan da onlara güvənə bilərik. Məlum xəbərdarlığa gəlincə, səfirliklər bölgələri təhlil edirlər. Məsələn, İngiltərə, ABŞ da bundan qabaq belə bəyanatlar verib. Görünür, hesab edirlər ki, Azərbaycan olduğu bölgə həssas regiondur, ölkəmiz Ermənistanla müharibə şəraitindədir. Bəlkə də bu amillər nəzərə alınıb. Eyni zamanda mövsümi xarakter də daşıya bilər”.

F.Quliyev İran faktorunu da istisna etmir: “İranla Amerika arasındakı gərginlik, sanksiyalar regionda mürəkkəb vəziyyət yaradıb. Bunun da həmin çağırışı etməyə təsiri ola bilər. Yəni regiondakı həssas vəziyyətdən doğan xəbərdarlıqdır”.

Deputat Azərbaycanın İsraildə səfirlik açmaqda gecikdiyini vurğuladı: “Mən parlament tribunasından, o cümlədən başqa yerlərdə çıxışlarımda tələb etmişəm ki, İsraildə səfirliyimiz açılsın. Əgər buna görə İran qıcıqlanacaqsa, onda niyə Ermənistanda səfirliyi var?”


Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, İsrail tərəfindən bir neçə dəfə belə bəyanatlar olub. O, həmin xəbərdarlığı texniki səhv hesab etmir. Analitikin sözlərinə görə, baş nazir Netanyahu tez-tez Azərbaycanla sıx əməkdaşlıqdan, ölkəmizdə multkultural dəyərlərdən, burada yəhudilərin yaşamasından danışır: “Amma neçənci bəyanatdır ki, yayırlar. Bəlkə İsrail kəşfiyyatında məlumat var, biz bilmirik. Lakin anlamalıdırlar ki, hər dəfə Azərbaycanı hesabata salmaqla münasibətlərə xələl gətirilir”.

Ekspertin fikrincə, bu cür çağırışlar həm də Ermənistana bəhanə vermiş olur: “İsrail gərək diqqətli olsun. Bəlkə də onlar narahatdır ki, niyə Azərbaycan İsraildə səfirlik açmır.

Çünki neft, silah ticarətimiz var, dost ölkəyik, niyə səfirliyimiz olmasın?! Axı kimdən ehtiyat edirik? Hətta Türkiyə, İordaniya, Qazaxıstan kimi türkdilli ölkələrin İsraildə səfirliyi var. Bununla belə, İsrail Azərbaycanla dostluğu nəzərə almalıdır".

“Əlbəttə, istənilən ölkədə müəyyən təhlükəli hadisələr baş verə bilər. Lakin Azərbaycanla bağlı sistemli şəkildə təhlükəsizlik xəbərdarlığı etmək ilk növbədə İsrail-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Əslində İsrail tərəfi bir çox hallarda öz istək və problemlərini inanılmaz dərəcədə şişirdir və sayğısız davranışlar sərgiləyir. Bəzi hallarda isə anlaşılmaz siyasət yeridir. Ermənistanın İsraildə səfirlik açması və məsələsinin gündəmə gəlməsi də göstərir ki, bu ölkədə erməni faktorundan istifadə etməyə çalışan müəyyən dairələr var. Onlar Türkiyəyə, daha dəqiq desək, Ərdoğan siyasətinə qarşı erməni faktorundan yararlanmağa səy göstərirlər”.

Bunu isə sherg.az-a politoloq Tofiq Abbasov deyib. Siyasi şərhçinin fikrincə, rəsmi Bakı münasib kanallar vasitəsi ilə İsrailə mövqeyini çatdırmalıdır: “Belə məsələlərdə zarafat etmək olmaz. Müxtəlif ölkələrdən Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Təkcə Rusiyadan ölkəmizə il ərzində 700 mindən artıq turist gəlir. Azərbaycan regionda ən sabit ölkədir və burada xarici qonaqlara qarşı heç bir təhlükədən söhbət gedə bilməz. Məncə, İsrail xüsusi xidmət orqanları arasında təxribata meylli qüvvələr var. Lakin indiyə qədər İsrailin bir çox xəbərdarlığı boşa çıxıb. Deməli, xəbərdarlıq siyasi oyunbazlıqdan başqa bir şey deyil”.

Emil SALAMOĞLU/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed