Şrift:
Cari il ərzində Şərqi Azərbaycanda 50 nəfər narkotikdən ölüb
30.09.2019 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi cari ilin ötən müddəti ərzində 2-si qadın olmaqla, 50 nəfər insanın narkotik maddə aludəçiliyi səbəbindən öldüyü barədə məlumat yayıb.

Birliyin sədri Artin Kamali bildirib ki, ötən ilin oxşar dövründə bu rəqəm 42 idi. Bu isə göstərir ki, narkotik maddə istifadəçiləri arasında ölüm halı 1 il ərzində artıb.

Onun sözlərinə görə, təkcə mordad ayı (23 iyul-22 avqust) ərzində qeyd edilən səbəbdən 8 nəfər həyatını itirib. Ötən il isə eyni ayda 7 nəfər narkotikdən dünyasını dəyişmişdi.

Kamali həmçinin 1397-ci il (21 mart 2018-21 mart 2019) ərzində isə Şərqi Azərbaycan əyaləti ərazisində 2 si qadın olmaqla, ümumilikdə 93 nəfərin narkotik maddə istifadəsi nəticəsində öldüyünü vurğulayıb.

Xatırladaq ki, İrandan narkotik maddələrin dövriyyəsi ən gəlirli ticarət sahələrindən biri hesab olunur. Narkotiklərlə Mübarizə İdarəsi bildirir ki, ölkədə dövlətin qarşısını almaqdan boyun qaçırdığı narkotik mafiyaları mövcuddur və onları bu ağ ölümü rahat şəkildə İranın hər bir tərəfinə paylayırlar.

Avqust ayında İran Milli Məclisinin Hüquq Komissiyasının sözçüsü Həsən Novruzi həbs edilmiş böyük narkotik qaçaqmalçısının azad edilməsi üçün 300-dən çox rəsminin onlara zəng vurduğunu demişdi.

“Bir müddət əvvəl ölkənin ən böyük narkotik qaçaqmalçılarından biri 20 kiloqramdan artıq tiryəklə tutulmuşdu. Bundan sonra təqribən 300 rəsmi onun sərbəst buraxılması üçün bizimlə əlaqə saxlamışdı. Halbuki biz bir neçə qram narkotika görə cavanları edam edirik”- deyə o əlavə etmişdi.

2015-ci ildə isə Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Müstəqil Komitənin rəhbəri Əli Haşimi “İsna” agentliyilə müsahibəsi zamanı ölkədə böyük narkobaronların rahat şəkildə fəaliyyət göstərdiyini təsdiqləmişdi. O qeyd etmişdi ki, həmin baronlar ildə 40 trilyon tüməndən çox pul qazanırlar. Bu isə narkomanların ailələrinin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır. Narkotik mafiyaların isə qazandıqları vəsaitlər pul yuma və rüşvətxorluq kimi halların daha da çoxalmasına yol açır.

Bir müddət öncə mediaya sızan bir videoda keçmiş “Sepah” komandanı, hazırda isə Ali Məsləhət Şurasının katibi olan Möhsün Rzayi də ölkə rəsmilərinin yüksək gəlir gətirən narkotik ticarətində əli olduğunu etiraf edir. O, həmin videoda bildirir ki, ölkəyə qaçaq yolla gətirilən narkotikin hansı sərhəddən keçirildiyi məlum olsa da, dövlət rəsmiləri bunun qarşısını almırlar. Bu isə göstərir ki, onların özünün də bu işdə əlləri var.

Digər tərəfdən, Amerika Birləşmiş Ştatları dəfələrlə “Sepah” terror təşkilatının və “Hizbullah”ın narkotik ticarəti ilə bağlı sənədlər yayınlayıb.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed