Şrift:
Həştrudun “İmam Hüseyn Xəstəxanası”nın işçiləri etiraz aksiyası keçiriblər
30.09.2019 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həştrudun “İmam Hüseyn Xəstəxanası”nın işçiləri tələblərinin yerinə yetirilmədiyinə görə, etiraz aksiyası keçiriblər.

Sentyabrın 26-da İcra Hakimiyyəti, Səhiyyə İdarəsi, rayon deputatın ofisi və Həştrud Rayon Baş İdarəsinin qarşısında keçirilən aksiya zamanı etirazçılar bildiriblər ki, 2015-ci ildən xəstəxananı idarə edən şirkət onlara 8 milyon tümən borcludur. Dəfələrlə şirkət rəhbərliyinə müraciət etsələr də, müsbətə doğru heç bir dəyişiklik olmayıb. Rəhbərlik bildirib ki, o məbləğin qarşılığında sizə yalnız 4 milyon tümən ödənəcək, onu götürün və səsinizi çıxarmayın.

Etirazçılardan birinin dediklərinə görə, məhkəmə işçilərin lehinə qərar çıxarsa da, əyalətin Tibb Elmləri Universiteti şirkət rəhbərliyinə qarşı heç bir tədbir görməyib.

Digər əməkdaş isə bildirib ki, ötən 4 il ərzində 1 dəfə də olsa, məzuniyyətə çıxa bilməyib. O qeyd edib ki, rəhbərlik şikayət edəcəyi təqdirdə, onu işdən qovacağıyla bağlı təhdid edib.


Bəzi işçilər isə bildirirlər ki, hətta şirkət və xəstəxana rəhbərliyi onlarla qul kimi davranır. Belə ki, rəhbərlik işçilərdən öz evlərini təmizləməyi və onlara səhər yeməyi almağı tələb edirlər.

İşçilərin dediklərinə əsasən, şirkət Həştrud xəstəxanasında azsaylı əməkdaşın boynuna icra etmək üçün 66 vəzifə qoyub. Bu isə o deməkdir ki, 1 əməkdaş bir neçə işi görməyə məcburdur və bu isə yeni quldarlıq növüdür.

“İmam Hüseyn Xəstəxanası”nın müdiri Əli Məhəmməd Hüseyni media orqanlarına verdiyi açıqlamada bildirib ki, bağlanmış müqaviləyə görə, idarəedici şirkət ay ərzində xəstəxanada 4500 saat iş görə bilər. Beləliklə, hər bir işçinin aylıq iş müddəti də 192 saat olur. Əgər onlar əlavə vaxt da işləmək istəsələr, 250 saata qədər ödənişli əsaslarla işləyə bilərlər. Şirkət əmək qanununa əsasən, bütün əməkdaşların pullarını ən qısa zamanda verməyə borcludur.

O əlavə edib ki, şirkət 18 əməkdaş götürmək əvəzinə, iki dəfə az sayda işçi işlədir. Bununla da, bir nəfər bir neçə vəzifəni yerinə yetirməli olur. Bu da öz növbəsində qanun pozuntusudur.

Əli Məhəmməd Hüseyni sonda işçilərin öz haqları uğrunda apardığı mübarizəni dəstəklədiyini və qarşıdakı bir neçə gün ərzində şirkətin əməkdaşların pulunu vermədiyi təqdirdə, ağır cərimə ödəməli olduğunu bəyan edib.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed