Şrift:
İsveçrə şirkətləri Azərbaycana sərmayə yatırmağa çağırılıb
30.09.2019 [11:02] - Xəbərlər, İqtisadiyyat
İsveçrənin Sürix şəhərində İsveçrə-MDB Birgə Palatası Azərbaycan səfirliyi ilə əməkdaşlıq şəraitində “Yeni İpək Yolu” investisiya forumu təşkil edib.

İsveçrədə “Bir kəmər, bir yol” təşəbbüsünə həsr edilən forumda Azərbaycan səfirliyi İsveçrə sərmayəsinin ölkəmizə cəlb edilməsi məqsədilə nüfuzlu sərmayədarlar, tanınmış biznes dairələrini təmsil edən 100-dən çox iştirakçı ilə fikir mübadiləsi və müzakirələr aparıb.

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova tədbir çərçivəsində təqdimatla çıxış edib, təqdimatında Avropa və Asiya arasında strateji mövqedə yerləşən Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini vurğulayaraq bu dəstəyi şərtləndirən amilləri sadalayıb və diqqəti bu məqsədlə 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanmış sazişə yönəldib.

Səfir ölkəmizin həyata keçirdiyi regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənubi Qaz Dəhlizi barədə danışıb, Azərbaycanın təşviq etdiyi “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə söhbət açıb. Qeyd edib ki, ölkəmiz bu nəqliyyat dəhlizlərinin qovşağında mərkəz rolunu oynamaq üçün bütün lazımi infrastruktura malikdir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni salınmış avtomobil yolları və hava limanları barədə müzakirələr aparılıb. Eyni zamanda, Ələt limanının Xəzər regionunda Yaşıl Limana çevrilmək öhdəliyi götürən ilk liman olduğu vurğulanıb. Bütün bu layihələrin sayəsində Azərbaycanın Asiya ilə Avropa arasındakı ticarətdə ən qısa məsafəni təmin etmək iqtidarında olduğu bildirilib.

X.İbrahimova, həmçinin yuxarıda qeyd edilən bütün nəqliyyat layihələrinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində mümkün olduğunu bildirib, ölkəmizə daha çox xarici investisiyaların cəlbi istiqamətində iqtisadi tədbirlərin davam etdirildiyini söyləyib.

Daha sonra səfirliyin müşaviri Arif Məmmədov Azərbaycanın Avrasiyada logistika mərkəzi rolunu oynamaq imkanları barədə təqdimatla çıxış edib.

Tədbirin sonunda İsveçrənin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin prezidenti Margareta Kiner Nellen “Bir kəmər, bir yol” layihəsini İsveçrə Parlamenti prizmasından dəyərləndirib.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed