Şrift:
Xaçmazda gənclərin ikinci forumu işə başlayıb
30.09.2019 [12:06] - Xəbərlər, Özəl xəbər
Xaçmazda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə gənclərin ikinci forumu işə başlayıb.

Forum iştirakçıları əvvəlcə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.

Nabrandakı “Təhsil” istirahət mərkəzində keçirilən forumda müxtəlif mövzularda məruzələr səsləndirilib.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova forumun əhəmiyyətindən, ölkədə aparılan uğurlu gənclər siyasətindən danışıb, dövlət tərəfindən bu sahəyə göstərilən qayğı və diqqəti yüksək qiymətləndirib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət gənclərin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir. Ölkə gəncləri respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir və Azərbaycanın inkişafına öz töhfələrini verirlər.

Cəmilə Səttarova bildirib ki, bu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyidir. Bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamlar imzalayıb. Bunu nəzərə alaraq, gənclərin iştirakı ilə keçirilən forum çərçivəsində dahi şairin irsinin təbliğinə xüsusi önəm verilib.

Forumda Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək ölkəmizdə gənclər üçün hər cür şərait yaradıldığını, onların sosial vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və gənclər arasında sağlam həyat tərzinin təbliğinin dövlətimizin diqqətində olduğunu qeyd ediblər.

Çıxışlardan sonra forum qarşılıqlı fikir mübadiləsi, diskussiya şəraitində davam etdirilib. Gənclər müzakirə olunan mövzular ətrafında kreativ ideya və təkliflərini səsləndiriblər.

Oktyabrın 1-dək davam edəcək forum çərçivəsində iştirakçı gənclər müxtəlif nominasiyalarda mükafatlandırılacaqlar.
Bu xəbər oxucular tərəfindən 76 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed