Şrift:
Ruhanidən İrəvanda dostluq və qardaşlıq mesajları: "Əlaqələri daha da gücləndirmək əsas prioritetimizdir"
02.10.2019 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın prezidenti Həsən Ruhani bu gün Avrasiya Birliyinə üzv ölkələrin başçılarının konfransında iştirak etmək üçün İrəvana etdiyi səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş zamanı dostluq mesajları verən Ruhani qeyd edib ki, mövcud əlaqələri daha da inkişaf etdirmək və dərinləşdirmək rəsmi Tehranla İrəvanın əsas prioritetlərindəndir. O, İranla Ermənistanın müxtəlif iqtisadi sahələrdə, xüsusilə də enerji sektoru, su, külək və günəş elektrik stansiyalarının tikilməsi, tranzit, kommunikasiya, mütərəqqi texnologiyalar, dərman istehsalı və texniki mühəndislik xidmətləri sahələrində əlaqələri daha da inkişaf etdirməklə, "hər iki xalqa" daha çox fayda verə biləcəyini deyib.

Ruhani Tehranla İrəvanın şimal-cənub koridoru, eləcə də Qara dənizlə körfəzin quru və dəmir yolu xəttləri ilə birləşdirilməsinə də toxunub və bu layihələrin iki ölkə münasibətlərinin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.

İran prezidenti həmçinin ölkəsinin Avrasiya Birliyi çərçivəsində fəaliyyətlərinə 1 aydan sonra başlayacağını bəyan edib.

Ermənistanla İran arasında ekologiya sahəsində imzalanan müqavilələrin icrasının sürətləndirilməsini zəruri hesab edən Ruhani iki ölkənin sərhədyanı bölgələrində yaradılmış azad iqtisadi zonaların münasibətləri daha da dərinləşdirmək istiqamətində effektiv rol oynaya biləcəyini deyib və özəl sektorun bu zonalara investisiya qoyması üçün İrəvanı zəruri addımlar atmağa çağırıb.

İran prezidenti sonda rəsmi Tehranın Ermənistanın enerji resurslarına olan ehtiyacını hər an qarşılamağa hazır olduğunu deyib və iki ölkə arasında qaz və elektrik satışı sahəsində barter üsuluna əsaslanan müqavilələrin əmtəə və xidmət sektorlarında da geniş tətbiq edilmə imkanının olduğunu vurğulayıb. Ruhani sadaladığı bütün əlaqələrin əsas məqsədlərindən birinin "iki ölkə və xalqın münasibətlərinin dərinləşməsinə" istiqamətləndiyini qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin tərəflər arasındakı əlaqələri, xüsusilə də iqtisadi tərəfdaşlığı daha da genişləndirmək istədiyini bəyan edib.

Paşinyan İranın Ermənistanı enerji ilə təmin edən daimi və dəyişməz mənbə olduğunu deyib, eləcə də rəsmi İrəvanın Tehranla barter üsuluna əsaslanan qaz və elektrik alışı sahəsində bağladığı müqavilələri 2040-cı ilə qədər uzatmaq niyyətində olduğunu bildirib.

O, həmçinin İran şirkətlərinin Ermənistanda fəaliyyətini təqdir edib, eləcə də İran limanlarının körfəzdən Qara dənizə birləşdirilməsi üçün atılan addımların iki ölkənin münasibətlərinin perspektivi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Sonda Nikol Paşinyan İran liderinə Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin tutduğu “tarazlaşdırılmış” siyasətə görə minnətdarlıq edib.

Görüşün sonunda hər iki tərəf İrandan Ermənistana çəkilən 3-cü elektrik ötürücü xəttlərin 2020-ci ilə qədər tamamlanmasının zəruri olduğunu vurğulayıb.

Qeyd etmək lazımdır ki, Qarabağ müharibəsi zamanı İran Ermənistana kömək edən başlıca ölkələrdən olub. Hazırda da Ermənistanın ən böyük iqtisadi tərəfdaşlarından biri İrandır. Rəsmi Tehran İrəvan üçün nicat qapısı hesab edilir. Bunu İranın bir çox rəsmiləri də etiraf edib. Son olaraq İran Milli Məclisinin sabiq spiker müavini, hazırda isə deputatı olan Əli Mütəhhəri avqustun sonlarında bildirmişdi ki, "Qarabağ müharibəsində Azərbaycanın haqqlı olmasına baxmayaraq, biz etnik məsələlərə görə, ümumilikdə Ermənistanın tərəfini tutduq".
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed