Şrift:
Sahibə Qafarova: Paşinyanın son çıxışı Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini aydın şəkildə göstərir
03.10.2019 [09:31] - Gündəm, Siyasət
Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir.

Bu fikri Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində “Terror qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda dinlənilmiş məruzənin müzakirələri zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib. O bildirib ki, son illər dünyada, o cümlədən, Avropada terror təhlükəsi və terror hadisələri artıb. Avropa Şurasının bir neçə üzv dövləti ayrı-ayrı qruplar və şəxslər tərəfindən terror hücumlarına məruz qalıb. Avropa Şurasının üzvü olan ölkələrdə terror qurbanlarının müdafiəsi və dəstəklənməsi üçün daha ardıcıl və sistemli yanaşma tələb olunur.

Terrorizmin Avropada yeni hadisə olmadığını xatırladan nümayəndə heyətinin üzvü terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycanın adının hesabatda yer almamasına təəssüfləndiyini bildirib. O vurğulayıb ki, Azərbaycan XX əsrin əvvəllərindən qonşu Ermənistanın terror hücumlarına məruz qalıb: “Hələ ötən əsrin əvvəllərində - 1905-1907 və 1918-1920-ci illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi terror aktları həyata keçiriblər. Həmin hadisələrdə erməni terrorçuları qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Azərbaycan yenidən erməni terrorunun əsas hədəfinə çevrilib. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğalı və minlərlə insanın, o cümlədən qadın və uşaqların öldürülməsi, 1 milyondan çox insanın doğma torpaqlarını və evlərini tərk etmək məcburiyyətində qalması ilə nəticələnib”.

BMT, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı bir sıra qətnamələr qəbul etdiyini vurğulayan Sahibə Qafarova deyib ki, həmin sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın etnik təmizləmə siyasəti pislənilir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq Ermənistan bu qətnamələrə məhəl qoymayıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması istiqamətində heç bir iş görməyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın öz ölkəsində, habelə Azərbaycanın işğal olunmuş torpaqlarında populist çıxışı, “Qarabağ Ermənistanın bir hissəsidir” kimi absurd sözləri və BMT-də son çıxışı aydın şəkildə göstərir ki, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir.

Sahibə Qafarova qeyd edib ki, belə çıxışlar yalnız terror qurbanlarının sayını artıracaq, azaltmayacaqdır. “Bir daha vurğulayıram ki, Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb və olmayacaq. Bu, Azərbaycanın tarixi ərazisidir və ərazisi olaraq qalacaq. Erməni terroru qurbanlarının Azərbaycandakı problemlərinin davamlı həllinə yalnız erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması ilə nail olmaq mümkündür”, - deyə Sahibə Qafarova qeyd edib.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed