Şrift:
Ölkəmizin İrandakı səfiri Şərqi Azərbaycan vilayətinə səfər edib
03.10.2019 [09:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbriz şəhərinə gələrək, Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi ilə görüşüb.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan ilə İran arasında əlaqələrin uğurla inkişaf etdiyini və heç bir məhdudiyyətin olmadığını vurğulayan səfir bildirib ki, bu münasibətlərin genişləndirilməsi hər iki ölkənin xeyrinədir. Azərbaycan və İran yaxın qonşu və dost dövlətlərdir.

Siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan səfir iqtisadi əlaqələrin də inkişaf etdirilməsi zəruriliyini bildirib. Hazırda qarşılıqlı investisiya yatırımı və iş adamlarının əməkdaşlıq əlaqələrinin genişlənməsi müşahidə edilir ki, bu da gələcəkdə münasibətlərin möhkəmlənməsinə zəmin yaradır.

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində 74 faiz artm müşahidə edilib. İki ölkə arasında tranzit və yük daşınmaları, avtomobil istehsalı, səhiyyə və müalicə, kənd təsərrüfatı, texnologiya, elm və mədəniyyət sahələrində çox yaxşı əlaqələr mövcuddur.

Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi xatırladıb ki, ötən 6 ildə prezidentlər səviyyəsində 12 görüş keçirilib. İki ölkə arasında əlaqələrin səmimi xarakter daşıması təsadüfü deyil. İran və Azərbaycan arasında dərin tarixi, mədəni və dini bağlılıqlara toxunan vali qeyd edib ki, bütün sahələr üzrə davam edən əməkdaşlıq dostluq və qardaşlığa əsaslanır.

Məhəmmədrza Purməhəmmədi vilayətin sənaye, mədən, ticarət və kənd təsərrüfatı potensialları haqqında geniş məlumat verərək deyib ki, İranın Şərqi Azərbaycan vilayəti Azərbaycan Respublikası ilə həmsərhəddir. Bu isə iqtisadi və ticarət əlaqələrinin genişlənməsi və əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaradır. Dövlətlərin həmsərhəd olması tranzit yükdaşımalar üçün imkan yaradır və bu imkandan istifadə etmək lazımdır. Bunun üçün hər iki ölkənin potensialı mövcuddur.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əliənnağı Hüseynov da iştirak edib.

X X X

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşem ilə görüşüb.

Diplomat diqqətə çatdırıb ki, iki ölkənin prezidentlərinin siyasi iradəsi nəticəsində qarşılıqlı əlaqələr özünün inkişaf mərhələsini yaşayaır. İkitərəfli əlaqələrin inkişafı sevindirici haldır.

İqtisadi əməkdaşlıqdan danışan Bünyad Hüseynov bildirib ki, İran ilə Azərbaycan arasında qarşılıqlı faydalı layihələr həyata keçirilir. İki dost və qonşu ölkə arasında mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir.

İran və Azərbaycan xalqlarının tarixi, mədəni və dini ortaqlıqlarına toxunan Seyid Məhəmmədəli Al-Haşem qeyd edib ki, iki ölkənin tarixən əlaqələri olub. Bu gün dövlət rəsmiləri əlaqələri daha da genişləndirmək üçün siyasi iradə nümayiş etdirirlər. Seyid Məhəmmədəli Al-Haşem əməkdaşlıq əlaqələrinin və iki dövlət arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə bildirilib ki, müsəlmanların vəhdəti düşmənləri məyus edir. Kərbəla şəhidlərinin yad edilməsi üçün məhərrəmlik ayında Azərbaycan Respublikasının müxtəlif şəhərlərində mərasimlər keçirilib.

Ali rəhbərin nümayəndəsi Azərbaycanda məhərrəm ayı mərasimlərinin keçirilməsini yüksək qiymətləndirib. Lakin məhərrəm ayında Bakıda mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı gileyi olduğunu deyib.

Bünyad Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir. Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil. Əslində bu il Azərbaycan Respublikasında yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəcübləndirən və təəssüfləndirən hadisə baş verib. Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub.

Güman edirik gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq.

X X X

Səfir Bünyad Hüseynov səfər müddətində Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Yunes Jale və palatanın üzvləri ilə görüşüb.

Görüşdə qeyd olunub ki, iki ölkənin iqtisadi potensialı əlaqələrin daha da artmasına və inkişafına imkan yaradır. Səfir nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti əhatəli iqtisadi islahatlar həyata keçirərək qeyri-neft sektorunu inkişaf etdirir. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Artıq birgə iqtisadi layihələr reallaşdırılır. Neftçala avtomobil zavodu bu əməkdaşlığın bariz nümunəsidir. İki ölkənin iqtisadi potensialı daha geniş əlaqələr qurulmasına imkan verir. Azərbaycanda iş adamlarının investisiya qoyması və fəaliyyəti üçün imkanlar yaradılıb.

Vilayətin iqtisadi göstəricilərini və əhalisinin də ticarətə meyilli olduğunu diqqətə çatdıran Yunes Jale iş admlarının görüşlərini və qarşılıqlı səfərlərinin təşkilini zəruri hesab edib.

Palata sədri vilayətin kənd təsərrüfatı, qida sənayesi, traktor istehsalı kimi ağır sənaye və mühəndis-texniki xidmətləri barədə geniş məlumat verib. Qeyd olunub ki, bu sahələr İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün zəmin yaradır.

Görüşdə digər məsələlər ətrafında müzakirələr aparılıb.

Rabil Kətanov
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed