Şrift:
Oktyabrın 3-ü Dünya Alkoqolizmlə Mübarizə Günüdür
03.10.2019 [10:38] - Xəbərlər, Sosial
Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur. Hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Dünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbirlərin keçirilməsi elə həmin narahatlıq hissindən doğur.

Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çağırırlar. Dünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.

Həmin gün dövlət qurumları və ictimai təşkilatlar alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilmiş mühazirə, seminar və sərgilər təşkil edir, tədbirlərdə çıxış edən həkim-narkoloq, psixoloq və psixiatrlar alkoqolun sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verirlər.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 3 milyona yaxını alkoqol asılılığından əziyyət çəkir. Ölkəmizdə isə alkoqoldan əziyyət çəkən 618 nəfər qeydiyyatdadır.

Alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər - yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhval-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və s. göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. İstifadəçilər arasında keyfiyyətsiz spirt və alkoqolun yüksək miqdarda qəbulu nəticəsində baş verən ölüm hadisələri də az deyil.

Alkoqol asılılığı bır sıra xəstəliklərə də səbəb olur. Məsələn, alkoqollu içkilərin qəbulu mədə-bağırsaq, ürək-damar, əsəb sistemi xəstəlikləri, beyin və baş ağrıları yaradır. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 25 faizinin səbəbi alkoqoldan istifadə etməkdir. Uzun müddət və müntəzəm olaraq çoxlu spirtli içki qəbul edəndə arterial təzyiqin yüksəlməsi, stenokardiya və miokard infarktının baş verməsi və həmin xəstəliklərin ağır keçməsinə daha çox rast gəlinir. Mədə-bağırsaq, xüsusilə qaraciyər, tənəffüs, mərkəzi sinir və endokrin sistemi xəstəlikləri zamanı spirtli içki qəbul etmək müalicənin səmərəsini heçə endirir. Ona görə də həmin xəstələrin spirtli içki qəbul etməsinə ciddi qadağa qoyulmalıdır, çünki hətta 30-50 qram şərab içilməsi onlar üçün son hədd ola bilər. Alkoqollu içkilər təkcə sağlamlığa zərər vermir, həm də əxlaqı, mənəviyyatı və şəxsiyyəti məhv edir. Bütün bunlara görə də alkoqolizmlə mübarizə zərurətə çevrilib.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed