Şrift:
Azərbaycanlı cərrah beynəlxalq forumda təqdimat edib
03.10.2019 [11:33] - Gündəm, Sağlıq
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin minimal-invaziv cərrahlarının birinci konqresi keçirilib. Qazaxıstan, Azərbaycan, Rusiya və İrandan olan mütəxəssislərlə yanaşı, Fransa, Koreya Respublikası və bir sıra digər ölkələrdən gələn 50-yə yaxın mütəxəssis iştirak etdiyi konqresdə minimal-invaziv cərrahiyyədə qalxanvari vəzin, mədəaltı vəzin, mədə-bağırsaq sisteminin cərrahi xəstəliklərində dünyada mövcud olan ən qabaqcıl texnika, ən müasir müalicə və diaqnostika metodları, onların səmərəliliyi və tətbiq sahələri haqqında məruzələr oxunub.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzin ümumi cərrahı İlqar İsmayılov forumda iştirak edən Azərbaycan təmsilçiləri sırasında olub.

Forumun gedişində 30-dan çox canlı əməliyyat aparılıb və onların icrası konfrans salonunda monitorda nümayiş olunub, müxtəlifyönümlü mütəxəssislər tərəfindən birgə müzakirə edilib. İlqar İsmayılov həmin müzakirələrdə yaxından iştirak edib və işlədiyi müəssisədə tətbiq edilən düz bağırsaq törəmələrində ən müasir müalicə üsulları barədə təqdimatı iştirakçıların böyük marağına səbəb olub və Azərbaycanın tibb sahəsində də regionun qabaqcıl ölkələrindən biri olması haqqında forum iştirakçılarında təəssürat yaranıb.

Forumun sonunda Qazaxıstan, Rusiya və Azərbaycanın minimal-invaziv cərrahları tərəfindən Xəzəryanı ölkələrin minimal-invaziv Cərrahlıq Cəmiyyəti yaradılması təşəbbüsü irəli sürülüb. Cəmiyyətin növbəti toplantısının gələn il Mahaçqalada keçirilməsi nəzərdə tutulub.

Xəzəryanı ölkələrin minimal-invaziv cərrahiyyə sahəsindəki mütəxəssislərini birləşdirən belə bir cəmiyyətin 2021-ci ildə ölkəmizdə təsis olunması və mərkəzi ofisinin Bakıda yaradılması qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed