Şrift:
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Türkiyədə arxeoloji tədqiqatlarda iştirak edib
03.10.2019 [11:35] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə Türkiyə Respublikasının Mardin bölgəsində aparılan arxeoloji tədqiqatlarda iştirak edib.

İnstitutdan bildiriblər ki, tədqiqatların aparılmasında məqsəd Son Buzlaşma dövründə buzlaşmanın əhatə etmədiyi regionlarda mövcud mezolit mədəniyyətlərdən (epi-paleolit dövrü) Erkən Neolit dövrünə keçid mərhələsini və həmin dövrlərin daş alət istehsalının texnotipoloji üsullarını öyrənmək olub.

Qeyd edək ki, Mardinin Dargeçit rayonundan 15 kilometr şərqdə və Şirnak rayonu sərhədində Dəclə çayı üzərində İlısu SES-in inşaatı zamanı aşkar edilən abidələrdə xilasetmə qazıntıları aparılır. Həmin abidələr arasında Boncuklu Tarla və Çemka kimi Erkən Neolit dövrü abidələri xüsusi önəm daşıyır.

Çemka və Boncuklu Tarla Erkən Neolitin keramikaya qədər və erkən keramika dövrünün xronoloji mərhələlərinə (eramızdan əvvəl X-IX minilliklər) aiddir. Çemka və Boncuklu Tarla Dəclə çayının sahilində yerləşir. Abidələrin yer aldığı ərazi cənubdan əhəngdaşı, şərqdən isə bazalt süxurlu dağlar ilə əhatələnib.

Araşdırmalar göstərir ki, Cənub-Qərbi Asiyanın digər erkən məskunlaşmış abidələrində olduğu kimi, burada da yerli epi-paleolit əhalisinin qidalanma rasionunu hələ də yabanı, əhliləşməmiş heyvanların (donuz, keçi, qoyun, inək) ovçuluğu təşkil edirdi. Balıq ovu da mövcud idi. Belə ki, abidələrin daş istehsalını araşdıran professor Metin Kartal mikrolit alətlərin balıq ovunda da istifadə olunduğu qənaətindədir.

Çemka arxeoloji qazıntılarında Erkən Neolitin ilk izləri olaraq dairəvi və çoxotaqlı evlər, Boncuklu Tarlada isə keramikaya qədərki Neolitdən keramikalı Neolitə keçidi göstərən yarımdairəvi və dördkünc evlər aşkar olunub. Abidələrdə çaxmaqdaşı və obsidiandan hazırlanan mikrolit alətlər, ox və mizraq ucları (həndəsi, yarpaq, aypara formalı), qaşovlar, bizlər, kəsicilər, bıçaqlarla bərabər müxtəlif şəkilli nükleuslar və çoxçeşidli alət tiplərinə rast gəlinib.

Qədim əhalinin sosial-ictimai həyatı və inanc sistemləri ilə bağlı hələlik dəqiq fərziyyə və nəzəriyyə irəli sürmək mümkün olmasa da, abidələrdə daş, sümük və balıqqulağından bəzək əşyaları tapılıb.

Qeyd edək ki, arxeoloji qazıntılara Mardin Artuklu Universitetinin İbtidai icma quruluşu arxeologiya fakültəsinin rəhbəri, doktor Ergül Kodaş başçılıq edir. Fransanın Sarbonna Universitetinin məzunu olan doktor E.Kodaş daş alətlərin hazırlanması üsullarının tədqiqatını aparır.

Əjdər Babazadə abidələrdə aparılan arxeoloji qazıntılarda iştirakla yanaşı, doktor E.Kodaşla birlikdə daş alətlərin xammaldan alət hazırlanmasına qədər bütün texniki mərhələlərini eksperimental olaraq tədqiq edib. Eksperimental olaraq hazırlanan çaxmaqdaşı və obsidiandan nükleus və alət nümunələri Ə.Babazadə tərəfindən Azərbaycana gətirilib.

Mardində aparılan arxeoloji araşdırmalarda iştirak Əjdər Babazadənin tarix üzrə fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqatlarının bir hissəsini təşkil edir.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed