Şrift:
Naxçıvan Sazişinin 10 illiyi Beynəlxalq Türk Akademiyasında qeyd edilib
04.10.2019 [11:03] - Xəbərlər, Türk dünyası-Turan
Nur-Sultanda, Beynəlxalq Türk Akademiyasında Naxçıvan Sazişinin 10 illik yubileyi münasibətilə toplantı keçirilib.

Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi toplantıda türkdilli dövlətlərin bu ölkədəki səfirləri, dövlət və hökumət rəsmiləri, Türk Şurası Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Sammiti ərəfəsində təşkil edilən toplantıda Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı Türk Şurasının 10 illik fəaliyyətindən danışaraq Naxçıvan Sammitinin türkdilli ölkələrin əməkdaşlığının inkişafındakı əhəmiyyətini vurğulayıb. O, 3 oktyabr tarixinin türk dünyasının inteqrasiya günü olduğunu bildirib və 10 il əvvəl Naxçıvanda baş tutan tarixi Zirvə Görüşündə Türk Şurasının, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Beynəlxalq Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, Ağsaqqallar Şurasının yaradıldığını xatırladıb. Akademiyanın rəhbəri bu illər ərzində Türk Şurası üzvləri arasında qardaşlıq əlaqələrinin güclənməsini qeyd edərək, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasının və Macarıstanda Türk Şurasının ofisinin açılmasının təşkilatın fəaliyyətinin genişlənməsinə mühüm təsir göstərdiyini bildirib.

Türk Şurasının yaradılmasının önəmli hadisə olduğunu deyən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov min illər boyunca çiyin-çiyinə eyni tarixi yaradan, eyni adət-ənənələrə, dilə sahib olan türk xalqlarının qardaşlıq münasibətlərindən, bir-birilərinə töhfələrindən danışıb. Səfir Naxçıvanda imzalanan bu Sazişin türk xalqlarının birliyinin möhkəmlənməsinə yönələn önəmli tarixi addım olduğunu vurğulayıb.

Tədbirdə akademik Murzatay Joldasbekova və TDƏŞ-in Ağsaqqallar Şurasının üzvü, professor Adil Axmetova türkologiyanın inkişafına verdikləri töhfəyə görə akademiyanın "Vilhelm Tomsen" medalı təqdim olunub.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed