Şrift:
Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş olub
04.10.2019 [11:04] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib.

Onlarla soydaşımızın iştirak etdiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib. O, bu siyasətin reallaşmasında ABŞ-dakı Azərbaycan diasporunun böyük rola malik olduğunu diqqətə çatdırıb.

Görüşdə Dövlət Komitəsinin son dövrlərdəki fəaliyyətini əks etdirən videotəqdimat olub və Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib. Beynəlxalq siyasətin mərkəz nöqtəsi olan Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələrinin möhkəm olmasının əhəmiyyəti barədə danışılıb. Qeyd olunub ki, son illər burada yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində ciddi addımlar atılıb və bu da artıq öz bəhrəsini verir. Görüşdə diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Daha sonra Azərbaycan Prezidentinin Sərəncamı əsasında Cümhuriyyətin 100 illiyi medalı ilə təltif olunmuş Tomris Azəriyə, Zöhrə Şərifiyə və Əbülfəz Bahaduriyə medallar təqdim edilib. Təltif olunanlar bu yüksək mükafata görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Toplantıda İslam Əməkdaşlıq Təşkilatının BMT-dəki daimi müşahidəçisi, səfir Aqşin Mehdiyev və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov iştirak ediblər. A. Mehdiyev görüşün davamlı olmasının diaspor fəaliyyətinə müsbət təsir edə biləcəyini qeyd edib.

ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alper Aktaşla da görüşüb.

Görüş zamanı Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət göstərməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımların səmərəsindən, bütün türk dünyasının və türk dövlətlərinin müştərək əməkdaşlığından danışılıb.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed