Şrift:
KXDR-in son raket sınaqları Yaponiya hökumətini daha kəskin addımlar atmağa sövq edir
05.10.2019 [10:37] - Gündəm, Siyasət
Koreya Xalq Demokratik Respublikasının (KXDR) son raket sınaqları Yaponiya hökumətini daha kəskin addımlar atmağa sövq edir. Belə ki, son sınaqlardan sonra qarşı tərəfə ünvanlanan kəskin etirazla yanaşı, Yaponiya rəsmiləri ölkə ərazisində raket əleyhinə sistemlərin yerləşdirilməsinin sürətləndirilməsinə və Koreya yarımadasının nüvə silahından təmizlənməsinə çağırırlar.

Bu barədə növbəti mətbuat konfransında Müdafiə naziri Taro Kono bildirib. Onun sözlərinə görə, KXDR-in oktyabrın 2-də sualtı qayıqdan həyata keçirdiyi son raket sınaqları Yaponiya ərazisində yeni yerüstü raketdən müdafiə sistemlərinin yerləşdirilməsini zərurətə çevirib.

T.Kono bildirib ki, Yaponiyanın ölkə ərazisinə yaxınlaşan raketləri izləməyə və vurmağa qadir olan "Aegis Ashore” raketdənmüdafiə sistemlərinin yerləşdirilməsinə ehtiyacı kəskin artıb.

Nazir, həmçinin ABŞ ilə KXDR arasında cari həftənin istirahət günlərində Stokholmda keçirilməsi planlaşdırılan müzakirələri dəstəklədiklərini də bildirib.

Bununla yanaşı, T.Kono qeyd edib ki, Yaponiya ilə ABŞ arasında əldə edilən razılaşmaya əsasən, KXDR istənilən radiusa malik raketlərin sınaqlarını dayandırmalıdır. Çünki həmin sınaqlar BMT Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələrini pozur.

Məsələyə münasibət bildirən Yaponiya Xarici işlər naziri Toşimitsu Moteqi də qeyd edib ki, KXDR-in ballistik raket sınaqları BMT TŞ-nin qətnamələrinin tələblərini pozur və təəssüf hissi doğurur.

Koreya yarımadasının nüvə silahından təmizlənməsinin zəruriliyinə diqqət çəkən T.Moteqi deyib: “Koreya yarımadasının nüvə silahından təmizlənməsi üçün biz Təhlükəsizlik Şurasının üzvü olan ölkələrlə, o cümlədən Fransa, Almaniya və Böyük Britaniya ilə sıx birgə fəaliyyəti inkişaf etdirəcək, həmçinin Çin, Rusiya və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəyik”.



Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed