Şrift:
Zəncan əyalətinin 274 kəndi sel təhlükəsi ilə üz-üzədir
07.10.2019 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncan əyalətinin Böhranların İdarə Edilməsi İdarəsinin rəhbəri Tövhid Səlimi əyalətin ümumilikdə 150 mindən çox insanın yaşadığı 274 kəndinin sel təhlükəsi ilə üz-üzə olduğunu deyib.

O qeyd edib ki, su hövzələri ətrafında olan bölgələrdə sel riski yüksək olduğundan, aidiyyatı qurumlar möhkəmləndirmə işləri və qabaqlayıcı tədbirlərə başlamalıdırlar. Əks təqdirdə, mümkün sel təhlükəsi əhaliyə böyük zərər verə və hətta ölüm halları ilə nəticələnə bilər.

Tövhid Səlimi iqlim dəyişiklikləri səbəbindən ölkədə yağıntının miqdarının artdığını, buna görə də, təbii ki, çaylarda suyun miqdarının çoxaldığını deyib. O, bu səbəbdən aidiyyatı qurumları çayların ətrafında bəndlərin möhkəmləndirilməsi işini həyata keçirməyə çağırıb.

Səlimi həmçinin qeyd edib ki, iqlim dəyişikliyinin fəsadları İranın bütün bölgələrində də hiss edilir. Belə ki, ötən illər ərzində ölkəboyu 24 saat içərisində 100 millimetrdən çox yağıntı olan günlər olub. Cari ilin mart-aprel ayları ərzində Gülüstanda baş verən sel zamanı 30 saat ərzində 317 millimetr yağıntı müşahidə edilib. Qısa zamanda bu qədər yağıntının düşməsi selə, insan təlafatına, eləcə də suyun hədər getməsinə və quraqlığın baş verməsinə səbəb olur.

Rəsmi İranın iqlim şəraitinə əsasən, hazırda ölkə əhalisinin 69%-nin sel, ondan 18%-nin isə kəskin sel təhlükəsilə üz-üzə olduğunu deyib.

Ə.A
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed