Şrift:
Qazaxıstanda açılacaq Azərbaycan Ticarət Evində 30-dan çox şirkətin məhsulları satılacaq
09.10.2019 [10:53] - Türk dünyası-Turan
Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir. Oktyabrın sonunda Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulub. Bu ticarət evində 30-dan çox şirkətin məhsullarının satılması nəzərdə tutulur.

Bu barədə eksklüziv müsahibəsində ticarət evinin baş direktoru Hüseyn Cəbrayılov deyib.

H.Cəbrayılov qeyd edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin Qazaxıstan bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərməklə Nur-Sultanda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Baş direktor ticarət evində “Gazelli Group”, “Gilan Holding”, “Avrora”, Azərbaycan spirtli içkilər və şərabları, “Badamlı” yerli şirkətlərin müxtəlif növ məhsullarının nümayiş olunacağını bildirib. O, yerli tekstil məhsulları, tikinti məhsulları və boyaları, kimyəvi məhsullar, sənaye malları, turizm xidmətlərini təmsil edən şirkətlərinin Qazaxıstan bazarına çıxarılması üçün danışıqlarının aparıldığını deyib.

H.Cəbrayılov Azərbaycan Ticarət Evinin açılmasının iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Qazaxıstan şirkətləri Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizin bazarlarına çıxmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Qazaxıstanın daha iki şəhərində Aktau və Almatıda ticarət evlərinin açılışı olacaq.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed