Şrift:
Ərdəbil kəndləri əhalidən boşalır
09.10.2019 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil İdarəetmə və Planlaşdırma Təşkilatının statistik informasiya işləri üzrə rəis müavini təmsil etdiyi əyalətdə kənd əhalisinin getdikcə azalmasından narahatlığını dilə gətirib.

“İrna” xəbər agentliyinin yaydığı məlumata görə, Fəriborz Dehqan bu barədə oktyabrın 7-də açıqlama verib.

"Cəmiyyətdə yaş quruluşu pozulub, miqrasiya prosesinin intensivləşməsi və doğuşların azalması xüsusilə də kəndlərdə demoqrafik tərkibin dəyişməsinə səbəb olub.
3 il əvvəl keçirilən siyahıyalma zamanı Xalxalın mərkəzi məntəqəsində bir çox kəndin təmami ilə əhalidən boşaldığı, bəzilərində isə sakinlərin əksəriyyətinin köçdüyü məlum olub. Bu prosesin şübhəsiz ki, ictimai, mədəni, siyasi və iqtisadi nəticələri var.”- deyə o bildirib.

Fəriborz Dehqan əlavə edib ki, Sərhəd bölgəsində yaşayan kəndlərə xüsusi diqqət yetirilməli, əhalinin xüsusilə də gənclərin köçünün qarşısı alınmalıdır. “Biz bunu etməliyik, əks halda insan resurslarımızı rahatlıqla itirəcəyik.”- deyə o təkidlə vurğulayıb.

Ərdəbil əyalətinin 1 milyon 248 min əhalisindən 448 min 554 nəfəri kəndlərdə məskunlaşıb.

Qeyd edək ki, kənd əhalisinin yoxsulluqdan şəhərlərə köç etməsi problemi Ərdəbil Əyalətinin məsulları tərəfindən vaxtaşırı dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələr, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik səyasəti nəticəsində Güney Azərbaycanda yaranan köç problemi gün keçdikcə daha da dərinləşir.

N.S
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed