Şrift:
Son durağı Türk Dünyası olan şair
11.10.2019 [12:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məsud Haray Güney Azərbaycanın çağdaş ədəbiyyatının ünlü simalarından biri kimi tanınır. İmzasının Haray olmasının özəl bir anlamı var. Bu haray, Güneyimizdə 1925-ci ildən, yəni pəhləvilər dönəminin başlanılmasından bu günə kimi “parn-urdu” və “fars” qəlibində yaşadılmağa məhkum edilmiş Türkün harayıdır. Bu haray, Güneydəki soydaşlarımızın səsi, ünüdür. Bu harayın tək bir anlamı var: “Öz kimliyinə, kültürünə və ədəbiyyatına sahib çıxmayan toplumun sonu onun bitməsi deməkdir” fəlsəfəsinin acı içini göstərməkdir.
Məsud Harayın əsərləri Güney və Quzey Azərbaycanda, Türkiyədə, İraq Türkman Elində böyük sevgi və maraqla oxunur. Onun şeirlərinin pafosunda tək bir anlam yer almışdır. Bu da özünün poetik duyğularının bədii çalarlarını mənsub olduğu toplumun ali dəyərinə çevirməkdir. Məsud Haray şeirlərinin fəlsəfəsi çağdaş ortaq Türk düşüncəsi üzərində köklənmiş notlardan oluşan qavram deməkdir. Üslub və janr baxımından hər bir şeirinin iç özgürlüyü var. Ona görə də Məsud Harayın qoşuqları sevgi və şəfqətdən yoğrulubdur.

Vətən

Böyük sevgiyə,
ürəyi geniş tutmaq gərək.
Ürəyi geniş tutmaq üçün
Zor günlərə qatlanmaq
Zor adam olmaq lazımdır.
Bu zorluklara qatlanırsansa,
İnancın polad olur.
Polad olduğunda,
Zaman sıxışdıramaz könlünü.
Bax o zaman
Adam, adam olur
Və qocalmır,
Qocamanlaşır.
Dağ olur
Və dayaq olur.
Rüzgar əsdirə bilmir telinin ucunu.
Yuvasız quşlar da
Yuvalanır əllərində.
O büyük sevginin adı
Məncə VƏTƏN olur.

Ani duyum

Böcəyin də,
quşların da,
dağın-qayanın da,
ormanların-ağacların da
hər birinin özəlliyi
və gözəlliyi var.
İnsanların da,
Qadınların da,
Gözəl-göyçəyi var.
Şairlərin də,
Ölümün də.
Buyur!
Mən nədən
Gözəl- göyçəyini sevməyim axı.

Hava
Bu havada
Mənə buyur bir siqaret çək deməyin.
İçimdəki dinamitlər tərlidilər,
Qor düşürsə
Patlayaram…


Dəniz və tale

Dalğalanacaqdır dəniz
Tozuna,
Duzuna
Və göynəmək düşəcək yapraqların ətəyinə.
Qızaracaq bütün aşiqlərin göz bəbəkləri,
Oy beee....
Dərdin alım vətən
Sənin gözünə düşən çöp
Süngüdür ürəyimə.
Artıq ağlamaqla təskin etməz dərdimizə
Dərmanımiz isə üsyanımız.
Cəngi Köroğlu çalmalı ozanlar,
Qəhrəmanlar qalxmalı qəbirlərindən.
Dənizimiz gözümüzdür quruyur,
Və gözümüz taleyimizdir ağlayır.

Yuva

Könlümdə
Min bir fəlakət yuva salıb.
Bu tufağı dağıtmağa
Daşmı?
Süpəkmi?
Seçmə qurşunmu?
Bilməm!!!
Atom çəyirdəyi lazımsa
İstehsal edin məni
Ətimi,
Sümüklərimi
Urmu gölünü belə.

Duraq

İki sevgi durağının
Tam ortasındayam.
Yollar
Sarmaşık kimi dolaşır,
Doyğularıma,
Ürəyimə.
İlk durağım Urmu - İstanbul isə,
Son durağım böyük Türk Dünyası.

Adın sıxıntı olsun

Sıxıntı kimisən
Bir an boğazımı tıxayıb
Nəfəsimi kəsirsən
Adını kimsəyə deyə bilməm
Dadını kimsəyə anlada bilməm
Adın
Ürək çırpıntılarımın səbəbi
Qırmızı qan qolbulların adıdır
Ağıla taxıldığında
Barmaqlarım da səni danışır,
Qulaqlarım da.
Adın sıxıntı olsun.
Yalnız bir an gəl
Bir anda da get…
Qalırsansa
Ölümümə razı…


Mən də şairəm

Mən də şairəm
Şeir,
Kitab basını adına topladığım parayla
Bir silah
On min kitab sayı yerinə,
Qurşun aldım.
O gündən,
Qurşunlar kəlmələrimdirlər
Və sılahım
qurşunları səsləndirən şair.


Bizi ayrılığa yazdılar

Bizi ayrılığa yazdılar
Dəftər – dəftər…
Və asdılar kəndirlərə
Yan- yana
Görünsün deyə
Bir
Telefon köşkü önündə…
Qəzetmi?
Aylıqmı?
Kimsə almadı adımızı,
Və oxumadı gözümüzü
O gündən belə…
Ayrılıq deyə
Əl-ələ
Yallı gedirdi yapraqlarımız
Hər an yelə sarı...

Burada

Çərşənbə axşamında oynayamazsan!
Oyuna tutarlar səni və atəşlərə.
Səni, xəyallarını və inamlarına oynayarlar.

Burada yazdıqlarına silah deyə,
Qurşun deyə,
Atom deyə suç sanarlar.
Burada hər şey
Bildiyin kimi deyil gülüm!
Yalniz!
Bilmədiyin kimidir.

Bura itkinlikdir və hər nə varsa yasaq,
Bura yer kürəsinin adsız məmləkətindir.
Və adı
Könül darmadağımlığıdı
Sən də unutmalısan bu adı
Mən də,
Zatən unutmuşam bu adı.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed