Şrift:
Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır
15.10.2019 [11:08] - Xəbərlər, Mədəniyyət
Son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev peşə təhsilinin inkişafına xüsusi diqqət yetirir.

Bu fikri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Yol xəritəsində işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

Təhsil naziri diqqətə çatdırıb ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.

Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılıb. Mərkəzdə təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin yaradılması böyük əhəmiyyət daşıyır. Əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin fəaliyyəti önəmlidir.

Təhsil naziri qeyd edib ki, Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili ilə tələbələrin sayı 1000 nəfərə çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed