Şrift:
Fərəc Quliyev: “Elçibəydən miras qalan nə varsa, hamısını mənimsədi və heç bir iş ortaya qoymadı”
15.10.2019 [14:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında zəngin və təkzibedilməz faktlara əsaslanan cəsarətli çıxışı ilə Ermənistanın Baş nazirinin iddialarını darmadağın etdi.

Dövlətimizin başçısı Ermənistanda faşistlərin qəhrəmanlaşdırıldığını bildirərək İrəvan hakimiyyətini bu cür yarıtmaz siyasətdən əl çəkməyə, MDB məkanında əməkdaşlığı və sülhü təhdid edən faşizm ideologiyasından imtina etməyə çağırış etdi.

Hətta Rusiya KİV-i belə, İlham Əliyevin məlum çıxışını təqdir etdikləri halda, bizim radikal müxalifət özünəməxsus qərəzi ifadə edir. AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində dövlət başçısının fikirlərinə münasibət bildirib və qeyd edib ki, Ermənistanda Njdedən başqa da qaniçənlər var, İlham Əliyev onların da adını çəkməli idi: “Azərbaycanın dövlət başçısı beynəlxalq tədbirdə Ermənistanda faşizmin təbliğindən danışırsa, məntiqlə Qaregin Njde ilə yanaşı, müasir erməni faşist terrorçuların adının əbədiləşdirilməsindən də danışmalı idi. Əlbəttə, Qaregin Njde faşist idi, 2-ci Dünya Müharibəsi zamanı Almaniya kəşfiyyatına xidmət etmişdi və onun adının əbədiləşdirilməsi pislənilməlidir. Lakin Qaragin Njde haqda Azərbaycan rəhbəri danışırsa, mütləq bu faşistin 1919-21-ci illərdə Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdiyi qətliam və etnik təmizləmə də xatırlanmalı idi. Həmçinin, Azərbaycan və Türkiyəyə qarşı terror törətmiş şəxslərin də Ermənistan rəhbərliyi tərəfindən qəhrəman kimi təqdim edilməsinə, bu terrorçulara da abidə qoyulmasına etiraz bildirilməli idi. Terrorçuluqla ordu sıralarında savaşmaq çox fərqlidir. Terrorçular, heç bir halda, qəhrəman kimi təqdim edilməli deyil. Ancaq təəssüf ki, İlham Əliyev bu mövzuların heç birinə toxunmadı”.
Göründüyü kimi, radikal dairələr hətta Prezidentin ermənilərə verdiyi sərt cavabı belə həzm etmək istəmirlər. Azərbaycan dövləti hər zamna Əli Kərimlinin adını çəkdiyi terrorçuları lənətləyib. Aşğabadda isə İlham Əliyev yalnız Njdenin adını çəkməklə mövzuya uyğun olan mövqeyini ortaya qoyub. Çünki həmin görüşdə söhbət faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı aparılıb. Radikalların bu əsassız arqumentini necə dəyərləndirmək olar?

“...öz ağalarına yazdıqları donoslarda onlar da digər erməni terrorçularını ifşa etsinlər”

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında radikal dairələrin Prezidentin çıxışına belə qərəzli münasibət bəsləməsinə təəssüf etdiyini bildirdi: “İlham Əliyev orada 10 nəfərin adını çəksəydi belə, Əli Kərimli yazacaqdı ki, niyə 15-nin adını çəkməyib? Təbii ki, ermənilərin terrorçuları, faşistləri yalnız Njdeylə bitmir. Ancaq həmin görüşdə konkret olaraq söhbət Böyük Vətən Müharibəsindən gedirdi. İlham Əliyev də, dövlət başçısı kimi, mövzuya uyğun danışmalıdır. Ermənistanı həmin müharibədəki mövqeyinə görə, demək olar ki, ifşa etdi. Xatirəsi Ermənistanda əbədiləşdirilən bir faşistlə bağlı faktlarla danışırdı. Hətta çıxışı ilə Paşinyanın da faşist mahiyyətini ifşa etdi. Nəzərə çatdırdı ki, Paşinyandan əvvəlki hakimiyyət həmin heykəli ucaldıbsa, niyə indiki rəhbərlik onu saxlayır?

Bu qədər bəsit yanaşma lazım deyil. Söhbət düşmənə qarşı mübarizədə istifadə olunan hansısa detaldan gedir. Həmin tədbirdə Prezident bunu uğurla bacardı. İlham Əliyev niyə bu mövzuda kiminsə xoşuna gəlməyə çalışmalıdır? Çox sərt və dəqiq şəkildə arqumentlərini ortaya qoydu. Yaxşı, çığallıq edən persona özü nə işlə məşğuldur? Elçibəydən miras qalan nə varsa, hamısını mənimsədi və heç bir iş ortaya qoymadı. Barı öz ağalarına yazdıqları donoslarda onlar da digər erməni terrorçularını ifşa etsinlər. Və ya Cənubi Azərbaycanda hüquqları tapdanan soydaşlarımızla bağlı dünyaya çağırış etsinlər. Buna kim mane olur? Ancaq ölkənin daxilində yalan donos yazmaqla məşğuldurlar. Bu, milli məsələdir, İlham Əliyev beynəlxalq tribunada ermənini ifşa edirsə, biz onu təqdir etməliyik, çığallıq edib, pis nəsə axtarmamalıyıq. Bir daha sübut olunur ki, bəzi adamlar siyasi mübarizə ilə deyil, nifaq toxumu səpməklə məşğul olurlar. Radikalların yanaşmasını bəsit və əsassız sayıram”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed