Şrift:
Azərbaycan Bəstəkarlar İttifaqı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb
19.10.2019 [12:22] - Mədəniyyət
Azərbaycan Bəstəkarlar İttifaqı Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması və milli toponimlərin dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq. Şuşa şəhərinin “Yuxarı Gövhər Ağa” məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra, beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə İran şirkətini cəlb etməsi, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş riyakar hərəkətlərinin davamı kimi qiymətləndirilməlidir.

Hamıya məlumdur ki, bu qədim məscid İbrahim xanın qızı Gövhər Ağanın təşəbbüsü və maliyyə vəsaiti hesabına dövrünün məşhur memarlarından olan Kərbəlayi Səfixan tərəfindən 1874-1875-ci illərdə Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı “Yuxarı Gövhər Ağa” məscidinin binası və minarələri ermənilərin zirehli texnikasının atəşinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, işğal olunmuş təkcə Şuşa şəhərində 150-dək tarixi abidə və dini ibadət ocaqları da eyni aqibətlə üzləşib.

Ermənistan bu hərəkəti ilə təkcə irsimizi hədəfə almır, eyni zamanda, İran və Azərbaycan arasında mövcud olan dostluq əlaqələrinə xələl gətirir. Bu bir daha Ermənistanın əsl xislətini nümayiş etdirir və destruktiv xarakterli hərəkətlərini ifşa edir. Bu, Ermənistanın onsuz da həssas olan regionda nə qədər təhlükəli oyun apardığını və dost ölkələrin arasını vurmaq kimi çirkin planlarının olduğunu göstərir.

Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, xalqımızın tarixini özündə əks etdirən XVIII əsrə aid “Yuxarı Gövhər Ağa” məscidinin “bərpa edilməsi” altında Ermənistanın məkrli hərəkətlərinin qarşısının alınması və mədəni-tarixi irsimizə qarşı həyata keçirilən bu qanunsuz hərəkətlərinin pislənilməsi məqsədilə beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət edirik. Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı vandalizm hərəkətlərinə göz yummaq beynəlxalq humanitar hüquq üzrə ölkələrin öz üzərinə götürdükləri öhdəliklərə zidd olmaqla yanaşı, ümumbəşəri mədəni irsə qarşı etinasız münasibət kimi qiymətləndirilməlidir.

Düşünürük ki, işğal olunmuş torpaqlarımız qüdrətli ordumuz tərəfindən azad olunandan sonra bütün dağıdılmış tarixi-mədəni abidələrimiz dahi Üzeyir bəyin əzəmətli musiqisinin sədaları altında yenidən bərpa ediləcək, hətta yeniləri də inşa olunacaqdır!”.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed