Şrift:
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
19.10.2019 [12:23] - İdman
Çinin Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib.

Yarışda şuranın üzvü olan 109 ölkədən 9300 hərbçi idmanın 27 növü üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Hərbçilərin 7-ci Dünya Oyunları iştirakçıların və yarış növlərinin sayına görə indiyədək keçirilmiş ən böyük oyunlar olacaq. Budəfəki Oyunlarda 27 növ üzrə 329 yarış keçiriləcək. Oyunların proqramına ilk dəfə stolüstü tennis idmanı da daxil edilib. Gimnastika və tennis üzrə yarışlar isə nümayiş xarakteri daşıyacaq.

Uxan şəhərindəki 35 məkanda 10 gün davam edəcək beynəlxalq idman tədbirinin rəsmi açılış mərasimində rəsmi qonaqlar, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları iştirak ediblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin oyunları açıq elan etdikdən sonra məşhur kino ulduzu Ceki Çən də daxil olmaqla incəsənət ustalarının və idmançıların ifasında xüsusi şou təqdim olunub.

Qeyd edək ki, yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək. Yarışlara qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar üstünlük təşkil edirlər. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər də var.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed