Şrift:
Təbriz beynəlxalq kitab sərgisində Türkcə kitab naşirlərinin iştirakına əngəl törədilib
21.10.2019 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkcə kitab nəşr edənlər “Onlayn Kitabçı” səhifəsinin admini ilə əlaqə saxlayaraq, Təbriz 17-ci Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün onlara lisenziya verilmədiyini bildiriblər.

Urmiyada fəaliyyət göstərən “Buta” Türkcə kitablar nəşriyyatının rəhbəri Məhəmməd Sübhdel bildirib ki, ilkin naşirlər olaraq kimi müvafiq saytda qeydiyyatdan keçsək də, məsullar iştirakımız üçün bizə ayırmağa kifayət qədər stendlərinin olmadığını bizə dedilər.

Naşirlər məsələni araşdırmaq üçün əllərindən gələni etsələr də, Mədəniyyət və İrşad Nazirliyinin Şərqi Azərbaycandakı Baş İdarəsindən onlara lisenziyanın verilməməsilə bağlı əsaslı səbəb göstərilməyib.

Qeyd etmək lazımdır ki, sözügedən sərginin öz işinə başlamasına 2 gün qalıb. Qeyd edilən problem aradan qaldırılmasa, bu cür mötəbər mədəni tədbirdə iştirakdan məhrum olmaq güney azərbaycanlı naşirlərə həm də ciddi iqtisadi ziyanlar vuracaq.

Bu dəqiqəyə qədər Urmiyanın “Buta” və “Yaz”, Təbrizin “Azərturan”, “Dənizçin” və “Kirpi”, Binabın “Parlaq Qələm”, eləcə də Tehranın “Əndişeye nou” (Yeni Düşüncə-red.) kimi Türk dilində kitablar çap edən nəşriyyatları sərgidə iştirak etmək üçün icazə sənədi ala bilməyiblər.

Ötən il də İran məsulları bəzi Türk dilində kitab nəşr edən nəşriyaytların Təbriz və Tehran kitab sərgilərində iştirakına icazə verməmişdilər. Lakin bütün nəşriyyatların iştirakının qadağan edilməsi ilk dəfədir baş verir.

Oktyabrın 17-si Şərqi Azərbaycanın Mədəniyyət və İrşad İdarəsinin rəhbəri 17-ci Təbriz Kitab Sərgisində 900-dən çox yerli, eləcə də 50 xarici naşirin iştirak edəcəyini bəyan etmişdi.

Xatırladaq ki, bu sərgi oktyabrın 21-də, İranın Mədəniyyət nazirinin iştirakı ilə Təbriz şəhərində keçiriləcək.

Ə.A
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed