Şrift:
Yüzlərlə soydaşımız Tikantəpədə “Pejak” terror qruplaşmasının simvolunu qaldıranların cəzalandırılmasını tələb edib
21.10.2019 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tikantəpə, Qoşaçay və “Sayın qala”dan olan yüzlərlə soydaşımız səlahiyyətli vəzifəli şəxslərə məktub yazaraq Tikantəpə şəhərində “Pejak” terror qruplaşmasının simvolunun qaldırılmasına etiraz bildirib, bu məkrli planın arxasında dayanan şəxs və ya şəxslərin cəzalandırılmasını tələb ediblər.

Soydaşlarımız bu barədə Tikantəpə, Qoşaçay və “Sayın qala”nın millət vəkilləri Cahanbəxş Mohebbiniya və Humayun Haşimiyə məktub yazaraq Azərbaycana qarşı yönələn qərarı pisləyib və şəhərdə ucaldılan sözdə heykəlin bir dəfəlik qaldırılmasını tələb ediblər. Məktub adını çəkdiyimiz şəhərlərin yüzlərlə sakini tərəfindən imzalanıb.

Məktubda vurğulanıb ki, məntəqədə çox sayda gəncin qanına əli bulaşan terror qruplaşmalarının simvolunun şəhərdə nümayiş etdirilməsi yerli əhalinin hissiyyatına toxunub. Bu kimi xəyanətkarlıq təkrar olunmasın deyə bu planı işləyib və həyata keçirənlər cəzalandırılmalı, ucaldılan heykəl isə bir dəfəlik yerindən götürülməlidir.

Qeyd edək ki, sözügedən heykəl dəf musiqi aləti şəkilində hazırlanıb, heykəldə “Pejak” və “Demokrat” kürd terror qruplaşmalarının simvolu olan “günəş” əks olunub. Heykəl Tikatəpə şəhərinin bələdiyyə başçısı Naseh Məhəmmədxaninin sifarişi və Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin nəzarəti ilə hazırlanıb və cari ilin oktyabr ayının 9-da Tikantəpənin Şərifabad məhəlləsində ucaldılıb.
Bu məsələ azərbaycanlıların kəskin etirazına səbəb oldu. Etirazlar genişləndikdən sonra Bələdiyyə İdarəsi geri addım ataraq oktyabrın 13-də terrorçu qruplaşmaların simvolunu qaldırılan heykəlin üzərindən götürdü. Lakin yerli əhali dəf şəkilində hazırlanan “təfrəqə heykəli”nin bir dəfəlik qaldırılması və Hüseyn Mikailinin Şəhər Şurasından kənarlaşdırılmasını tələb edir.

Xatırlatmaq lazımdır ki, Tikantəpədə radikal kürdlərin həyata keçirmək istədikləri planların əksəriyyətinin arxasında Hüseyn Mikaili dayanır. O ötən il Novruz bayramı günlərində azərbaycanlı bir sənətkar tərəfindən hazırlanan “Təkəm” heykəlinə (“Təkəm gəzdirmə” Güney Azərbaycanda Novruz bayramında həyata keçirilən qədim mərasimlərdən biridir) qarşı çıxaraq Bələdiyyə İdarəsinin önündə ucaldılan həmin heykəli yerindən götürülmüşdür.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed