Şrift:
İsveçrənin səyahət portalı Lənkəran haqqında məqalə yayıb
23.10.2019 [10:20] - Köşə yazarları, Mədəniyyət
İsveçrənin “www.travel-blog.ch” səyahət portalında “Lənkəran - Azərbaycanın əsrarəngiz guşəsi” sərlövhəli məqalə yerləşdirilib.

Yazıda Azərbaycanın cənub-şərqində, Xəzər dənizinin sahilində yerləşən Lənkəranın özünəməxsus memarlığı və füsunkar təbiət mənzərələri ilə göz oxşadığı qeyd edilir.

Bildirilir ki, əlverişli iqlim şəraiti, dəniz sahilində yerləşməsi və mineral su mənbələrinə yaxınlığı Lənkəranı dincəlmək və müalicə almaq arzusunda olan, eləcə də tarixi abidələri görmək istəyən turistlər üçün münasib səyahət istiqamətinə çevirir. Buranın subtropik iqlimi də sitrus bitkilərin becərilməsi üçün münbit şərait yaradır. Lənkəran öz çayı və bir çox məhsulları ilə beynəlxalq sərgilərdə və müsabiqələrdə Azərbaycana qələbə qazandırıb.

Məqalədə bu regionun fauna və florasının özəllikləri, Hirkan Milli Parkı, Talış dağları, Lənkəran ovalığı, bir sıra endemik bitki və heyvan növləri barədə ətraflı məlumat verilir. Bu ərazilərdə ilk yaşayış məskənlərinin 4-5 min il bundan əvvəl salındığını qeyd edən müəllif regionda yerləşən tarixi abidələrdən də geniş bəhs edib.

Yazıda, həmçinin Lənkəranın Azərbaycanda sağlamlıq turizmi üçün mühüm mərkəzlərdən biri olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, buraya səfər edənlər Azərbaycanın özünəməxsus cənub mətbəxinin ləziz təamlarından dadmaq imkanı əldə edə bilərlər.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed