Şrift:
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
23.10.2019 [11:46] - Mədəniyyət
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonunun tarixi ərazisi isə “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Mədəniyyət Nazirliyinə “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətinin və “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etməsi ilə bağlı tapşırıqlar verilib.

Nazirlər Kabinetinə qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran, Siyəzən, Şəmkir və Ağsu Rayon İcra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etməsi tapşırılıb.

Sərəncamda vurğulanır ki, Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed