Şrift:
“Kömür” filminin ekrana çıxarılmasına maneçilik törədilir – Ərdəbildə
24.10.2019 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbildə güney azərbaycanlı rejissor tərəfindən türk dilində çəkilən “Kömür” filminin ekrana çıxarılmasına maneçilik törədilir.

Məlumata görə, oktyabrın 23-də Ərdəbildə filmin nümayişinə qısa müddət qadağa qoyulub. Ərdəbil Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinin təhlükəsizlik bölümü əhalinin etirazından çəkinərək 3 saat sonra filmin ekrana çıxarılmasına icazə verib.

Adını çəkdiyimiz idarənin məsulları “filmin nümayişi pantürkistlərin fəaliyyətinə zəmin yaratdığı üçün bu gündən dayandırılır” deyərək filmin nümayişinə qadağa tətbiq ediblər.

Qadağa qərarı barədə filmin ssenarist və rejissoru İsmayıl Münsif çərşənbə günü İnstaqram səhifəsində məlumat paylaşıb. Lakin o 3 saat sonra öz səhifəsində bu xəbəri yayıb: “Siz azərbaycanlı yerlilərimin dəstəyi ilə Ərdəbildə “Kömür” filminin nümayiş etdirilməsinə icazə verildi.”

Ehtimala görə, məsullar əhalinin kütləvi etirazından çəkinərək belə bir qərar verib.

“Kömür” filmi Güney Azərbaycan və Fransanın müştərək məhsuludur. Güney azərbaycanlı aktyorların rol aldığı film Astara şəhərində çəkilib.

Tanınmış azərbaycanlı rejissor İsmayıl Münsif tərəfindən çəkilən “Kömür” filmi oktyabrın 7-dən bir neçə şəhərin kinoteatrında nümayiş etdirilir.

“Kömür” filmi bundan əvvəl İranda keçirilən Fəcr Film Festivalında qərəzli münasibətlər və ayrı-seçkiliyə məruz qalıb.
İsmayıl Münsif may ayında İnstqaram səhifəsində paylaşdığı bir postda festival məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənmişdir.

O qeyd etmişdir ki, “Kömür” filminə heç bir mükafat nəsib olmadı, hətta münsiflər heyəti həvəsləndirmək məqsədi ilə də olsa, filmin aktyorlarından birini belə mükafatlandırmadı.
“Şübhəm yoxdur ki, əgər film fars dilində və tanınmış bir prodüserlə istehsal olunsaydı, bu gün onun taleyi tam fərqli olardı. Lakin mən deməliyəm ki, hər zaman türk dilində film çəkəcəm. O qövmün dilində ki, onun İran kinoteatrından payı yalnız bir sıra gülünc elementlərdən ibarətdir, hansı ki, hər bir izləyici ona gülür və İrşad İdarəsi tərəfindən heç vaxt senzura tətbiq olunmur. Bu, müxtəlif qövmlərin təhqir olunması deməkdir,”- deyə rejissor səhifəsində qeyd etmişdir.

Azərbaycanlı mədəni fəallar sosial şəbəkələrdə bütün soydaşlarımızı türk dilində çəkilən “Kömür” filminə dəstək verməyə çağırıblar.

“Kömür” filmi Ərdəbilin İnqilab kinoteatrında həftənin çərşənbə günləri yerli vaxtla saat 17:00-da ekrana çıxarılır.

N.S
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed