Şrift:
Nomofobiya telefon və internet aludəcilərinin yaşadığı təşviş pozuntusudur
25.10.2019 [11:48] - Gündəm, Sağlıq
Müasir dövrdə telefon, planşet, internet və sosial şəbəkələrdən asılılıq nomofobiya deyilən hala səbəb olur. Virtual mühitə ifrat dərəcədə cəlb olunmaq tənhalığa və ünsiyyət itkisinə aparıb çıxarır. Texnologiya və sosial şəbəkələrdəki yenilikləri təqib etməyə meyilli olmaq nomofobiya ilə üzləşənlərin sayını əhəmiyyətli dərəcədə artırır.

Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova verdiyi məlumata görə, nomofobiya son vaxtlar yaranan asılılıq formasıdır: “Bu hal ən çox gənclər və yeniyetmələr arasında yayılıb. Nomofobiya telefonsuz, internetsiz qalmaq və onlara aludə olanların həmin vəziyyətdə keçirdiyi qorxu, həyəcan və stress, yaşadığı təşviş pozuntusudur”.

Nomofobiyadan əziyyət çəkənlərin həmin vəziyyətdən xilas olması ilə əlaqədar psixoloq deyib: “Telefondan istifadəni birbaşa kəsmək yox, mütəmadi olaraq azaltmaq məsləhət görülür. Telefondan və internetdən müəyyən saatlar ərzində istifadə etməyə çalışmaq lazımdır. Yəni birdən-birə deyil, telefon və internetdən tədricən uzaqlaşmaq tövsiyə edilir”.

İnternetdən istifadə etməzdən əvvəl bunun nə dərəcədə lazım olduğunu və onun əhəmiyyətlilik dərəcəsini müəyyənləşdirmək, sonra işə ondan istifadə etməyə başlamaq daha məqsədəuyğundur. Bunun nəticəsində həm asılılıqdan xilas olmaq, həm də vaxtı daha səmərəli işlərə cəlb etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed